"2026-cı il mayın 17-dən 22-dək Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş WUF13 öz işinə başladı. Forum çərçivəsində dünyanın gələcək yaşayış məskənlərinin necə formalaşacağı istiqamətində beyin mərkəzlərinin geniş müzakirələr apardığı dialoq platformasının qurulmasının şahidi olduq".
Bu fikirləri İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev QHT.az-a açıqlamasında bildirib.
E.Xeyrullayevin sözlərinə görə, Azərbaycanın keçdiyi inkişaf yolu ilk baxışdan adi görünən beynəlxalq tədbirlərin əsl mahiyyətini daha aydın göstərir:
Bəlkə də bu hadisə ilk baxışdan bizə adi beynəlxalq tədbir kimi görünə bilərdi. Lakin bir anlıq geriyə baxıb 90-cı illərin anarxiyasından bu günə qədər keçdiyimiz yolu nəzərdən keçirsək, əslində necə böyük tarixi mərhələdən keçdiyimizi daha aydın görərik.
Eynulla Xeyrullayev bildirib ki, bu gün Azərbaycanın qlobal gücə çevrilməsi güclü siyasi iradə və müstəqil siyasətin nəticəsidir:
Bu gün dünya səviyyəsində söz sahibi olan dövlətlər sırasında yer almaq, qlobal qərarların verildiyi masalarda iştirak etmək möhkəm siyasi iradə, güclü ordu, inkişaf edən iqtisadiyyat və ən əsası müstəqil siyasət yürüdə bilən uzaqgörən liderlik tələb edir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə də bütün bunların nəticəsi olaraq xalqımızın gücünü və dövlətimizin iradəsini dünyaya nümayiş etdirdi.
Sədr vurğulayıb ki, Azərbaycan beynəlxalq aləmdə suverenliyini qoruyan güclü dövlət kimi tanınır:
Azərbaycan artıq dünyanın gözündə öz suverenliyini qoruyan, dövlətçiliyinə sahib çıxan, sabitliyin və əmin-amanlığın hökm sürdüyü güclü dövlət kimi tanınır.
E.Xeyrullayevin sözlərinə görə, ölkədə beynəlxalq tədbirlərin keçirilməsi üçün müasir infrastruktur formalaşdırılıb:
Ölkəmizdə demək olar ki, hər gün beynəlxalq səviyyəli konfranslar, seminarlar və görüşlər keçirilir. Bunun üçün Azərbaycanın müxtəlif şəhərlərində müasir standartlara cavab verən konqres mərkəzləri, tədbir salonları və zəruri infrastruktur yaradılmışdır. Qeyd edilməlidir ki, forumun təqdimatına regionlarda da xüsusi diqqət yetirilmiş, bir sıra rayon mərkəzlərində təşkil olunan tədbirlər vasitəsilə yerli əhalinin iştirakı təmin edilmişdir.
Eynulla Xeyrullayev bildirib ki, Bakı Olimpiya Stadionunda keçirilən WUF13 forumu yüksək səviyyədə təşkil olunub:
Bakı Olimpiya Stadionunda təşkil edilən WUF13 forumu bütün beynəlxalq tələblərə uyğun yüksək səviyyədə hazırlanmış, iştirakçılar üçün bərabər imkanlar və müasir şərait yaradılmışdır.
Sədr qeyd edib ki, forum çərçivəsində keçirilən seminar və sərgilər onda böyük təəssürat yaradıb:
Regionu təmsil edən bir təşkilatın nümayəndəsi kimi, iki gün ərzində iştirak etdiyim seminarlar, yüksək səviyyədə təşkil olunan sərgilər və dünyanın müxtəlif ölkələrindən gəlmiş iştirakçıların rəngarəng təqdimatları məndə böyük təəssürat yaratdı.
E.Xeyrullayevin sözlərinə görə, WUF13 tarixində ilk dəfə təşkil olunan QHT Forumu Azərbaycan QHT-ləri üçün mühüm imkanlar açıb:
Mayın 19-da isə WUF tarixində ilk dəfə olaraq WUF13 QHT Forumu keçirildi. Bu tədbir Azərbaycan QHT-lərinin beynəlxalq təşkilatlarla birgə seminarlar, dəyirmi masalar və müxtəlif müzakirələrdə iştirak etməsi üçün mühüm imkan yaratdı.
Eynulla Xeyrullayev bildirib ki, QHT Agentliyinin planlı fəaliyyəti beynəlxalq platformalarda fəal iştirak üçün əlverişli şərait formalaşdırıb:
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən WUF13 öncəsi hazırlıq işlərinin planlı şəkildə təşkili həm yerli, həm də beynəlxalq təşkilatların müxtəlif platformalarda fəal iştirakına şərait yaratdı. Belə ki, mayın 14-də Qlobal Cənub QHT Platformasının Baş Assambleyası, mayın 16-da Türk Dövlətlərinə üzv ölkələrin II Həmrəylik Forumu, mayın 19-da isə WUF tarixində ilk dəfə keçirilən WUF13 QHT Forumu təşkil olundu.
Sədr vurğulayıb ki, WUF13 çərçivəsində keçirilən tədbirlər böyük iştirakçı marağı ilə qarşılanıb:
17–22 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində QHT Agentliyinin və Milli QHT Forumunun pavilyonlarında keçirilən 100-dən artıq tədbirdə çoxsaylı iştirakçılar qeydiyyatdan keçmişdir.
E.Xeyrullayevin sözlərinə görə, Azərbaycan beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməklə etibarlı dövlət imicini daha da gücləndirib:
Azərbaycan həm COP29, həm də WUF13 kimi BMT statuslu qlobal tədbirlərə uğurla ev sahibliyi etməklə beynəlxalq ictimaiyyətə güclü və etibarlı dövlət olduğunu bir daha nümayiş etdirdi.












