Son illərdə süni intellekt texnologiyalarının sürətli inkişafı jurnalistika sahəsinə də ciddi təsir göstərməyə başlayıb. Xəbərlərin hazırlanması, məlumatların analizi, mətnlərin avtomatik yazılması və vizual materialların yaradılması kimi proseslərdə AI alətlərindən geniş istifadə olunur. Bu texnologiyalar media qurumlarının işini sürətləndirsə də, eyni zamanda yeni risklər və etik problemlər ortaya çıxarır. Xüsusilə yanlış məlumatların yayılması, saxta görüntü və səslərin hazırlanması, manipulyativ məzmunun artması və insan nəzarətinin zəifləməsi jurnalistika üçün əsas təhlükələrdən hesab olunur. Buna görə də AI ilə hazırlanan məzmunun etibarlılığı mütləq şəkildə jurnalist və redaktor nəzarəti ilə yoxlanmalı, məlumatlar bir neçə mənbə əsasında təsdiqlənməlidir.

Mövzu ilə bağlı süni intellekt üzrə mütəxəssis Abdulla Abdullayev QHT.az- a açıqlamasında fikirlərini bölüşüb.  

"Jurnalistika sahəsində AI istifadəsinin əsas riskləri yanlış məlumatın yayılması, saxta görüntü və səslərin hazırlanması, manipulyativ məzmun istehsalı və insan nəzarətinin azalmasıdır. Süni intellekt bəzən mövcud olmayan faktlar yarada və məlumatı səhv təqdim edə bilir ki, bu da media etibarına ciddi təsir göstərir".

"AI ilə hazırlanmış xəbərlərin etibarlılığı isə mütləq şəkildə insan redaktəsi və fakt yoxlanışı ilə təsdiqlənməlidir. Məlumat bir neçə etibarlı mənbə ilə müqayisə olunmalı, şəkil və videoların orijinallığı yoxlanmalıdır. AI burada qərar verən yox, jurnalistin işini dəstəkləyən alət kimi istifadə edilməlidir".

Zəhra Ağayeva