"Dünyanın əksər ölkələrini narahat edən əsas məsələlərdən biri əsrin bəlası-narkomaniyanın geniş yayılmasıdır. Azərbaycanı da bu ölkələrin siyahısına əlavə etmək olar".
Bu sözləri QHT.az-a açıqlamasında Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri və Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvü Müqamət Əliyev (Muğan) bildirib.
Onun sözlərinə görə, gənclər arasında narkotik maddələrə aludə olma hallarının artması, narkomanların orta yaş həddinin aşağı düşməsi, eləcə də narkomaniya ilə əlaqəli cinayətlərin çoxalması cəmiyyət üçün böyük həyəcan siqnalıdır:
“Siqaret və spirtli içkilərdən tutmuş müxtəlif narkotik maddələrə qədər bütün zərərli vərdişlər gəncləri təhlükə ilə üz-üzə qoyur. Bu vərdişlərin təsiri altında QİÇS və digər yoluxucu xəstəliklərə yoluxma riski də ciddi şəkildə artır. Zərərli vərdişlərin geniş yayılmasının əsas səbəblərindən biri maarifləndirmə işinin yetərincə güclü olmamasıdır. Təhsil müəssisələrində və idman cəmiyyətlərində məlumatlandırma işinin zəif təşkili, informasiya qıtlığı gəncləri riskli davranışlara meyilli edir,” – deyə o qeyd edib.
Sədr həmçinin İİV/QİÇS-in tibbi xüsusiyyətlərinə də toxunub. O bildirib ki, İİV immun sistemini mütəmadi şəkildə zəiflədən virusdur və QİÇS onun terminal mərhələsini təşkil edir. İnfeksiyanın səbəb olduğu immun çöküş vərəm, kandidoz, herpes və digər opportunistik infeksiyaların yaranmasına çevik zəmin yaradır.
"Rəsmi statistikaya əsasən, 2024-cü ildə 4 967 nəfər, 2023-cü ildə isə 3 796 nəfər ilk dəfə narkomaniya diaqnozu ilə qeydiyyata alınıb. Ümumilikdə ötən il 40 490 nəfər, 2023-cü ildə isə 36 659 nəfər narkomaniya səbəbindən tibb müəssisələrində qeydiyyatda olub".
Pərvanə Fərhadqızı












