09 may 2026-cı il tarixində Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Milli QHT Forumunun konfrans zalında “Layihələrin Yazılması və İdarə Olunması” mövzusunda təlim proqramı həyata keçirilmişdir.
QHT.az xəbər verir ki, təlimin əsas məqsədi ictimai sektorda fəaliyyət göstərmək istəyən şəxslərin layihələrin hazırlanması, planlaşdırılması və idarə olunması üzrə bilik və bacarıqlarının artırılması olmuşdur. Proqram Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının 28 sentyabr 2023-cü il tarixli, 19 (19) saylı iclasında təsdiq edilmiş layihə təklif forması əsasında hazırlanmışdır.
Təlimdə ictimai fəallar, gənclər və vətəndaş cəmiyyəti nümayəndələri iştirak etmişdir. Təlimçilər Sənan Yəhya və Gülnar Nəsibli interaktiv metodlardan istifadə edərək iştirakçılara layihələrin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi, fəaliyyət planının hazırlanması, nəticələrin ölçülməsi və layihələrin effektiv idarə olunması barədə praktiki biliklər qazandırmışlar.
Tədbir zamanı vurğulanmışdır ki, donor təşkilatlar layihə müəllifini ilk növbədə təqdim edilən sənəd və onun peşəkar təcrübəsi əsasında qiymətləndirir. Bu baxımdan, layihə sənədi yalnız texniki sənəd deyil, həm də müəllifin idarəetmə və analitik bacarıqlarını əks etdirən mühüm təqdimat vasitəsidir.
Sonda qeyd olunmuşdur ki, layihələrin düzgün hazırlanması və sistemli idarə olunması vətəndaş cəmiyyəti təşəbbüslərinin dayanıqlığının təmin edilməsində mühüm rol oynayır.






