"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın 2025-ci ildəki əsas fəaliyyət istiqamətləri sosial müdafiə və əmək münasibətlərinin inkişafı ilə bağlı ölkəmizdə aparılan məqsədyönlü siyasətin ictimaiyyət arasında yayılmasında müvafiq rol oynamaqdan ibarət idi. Eyni zamanda biz maksimum çalışırdıq ki, ictimaiyyət arasında qaldırılan məsələləri, ictimaiyyət nümayəndələri tərəfindən verilən sualları və təklifləri aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, nazirliyin tabeliyində fəaliyyət göstərən qurumlara, həmçinin nazirliyin yanında fəaliyyət göstərən Dövlət Əmək Müfəttişliyi Xidmətinə istiqamətləndirək və müvafiq cavabların əldə olunmasına nail olaq".
Bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu istiqamətlərdə düşünürəm ki, müsbət nəticələr əldə olunmuşdur. Bizə daxil olan müraciətlərə nəzər yetirsək, görərik ki, maksimum üç gün ərzində müraciətləri aidiyyəti üzrə istiqamətləndirərək cavablandırmağa çalışmışıq və zənnimcə, bu hədəflərə nail olmuşuq:
"Yüzlərlə müsahibə, əsas tezislər üzrə çıxışlar və ictimai platformalardakı çıxışlar vasitəsilə İctimai Şura üzvləri sosial müdafiə və əmək münasibətlərinin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin ictimaiyyətə çatdırılması istiqamətində səylər göstərmişdir. Düşünürəm ki, 2025-ci ildə də Şuranın kifayət qədər aktiv fəaliyyəti müşahidə olunmuşdur".
Pərvanə Fərhadqızı












