“Azeri Light” markalı Azərbaycan neftinin qiyməti 1,53 dollar ucuzlaşaraq 93,97 dollara düşüb. Bəs dünya bazarında neftin qiymətinin azalması Azərbaycan iqtisadiyyatına nə vəd edir?
QHT.az xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, ucuzlaşmanın əsas səbəbi dünya bazarında neftə olan tələb gözləntilərinin zəifləməsidir. O qeyd edib ki, OPEC və Beynəlxalq Enerji Agentliyi 2026-cı il üzrə qlobal neft tələbinin artımı ilə bağlı proqnozlarını aşağı salıb.
Ekspertin sözlərinə görə, ABŞ-da kommersiya neft ehtiyatlarının bir həftə ərzində 17,4 milyon barel artması da bazara əlavə təklifin formalaşdığına dair siqnal verib. Bu amillər investorların neftin əvvəlki yüksək qiymətlərini uzun müddət qoruyacağına dair inamını zəiflədib.
Bununla yanaşı, Yaxın Şərqdəki geosiyasi risklər neftin daha kəskin ucuzlaşmasının qarşısını alan əsas amillərdəndir. Hörmüz boğazı ətrafındakı vəziyyət və ABŞ-İran qarşıdurması enerji təchizatı ilə bağlı riskləri artırır.
Akif Nəsirli bildirib ki, hazırkı 93,97 dollarlıq qiymət Azərbaycan üçün hələlik komfortlu səviyyədir. Dövlət büdcəsində neftin baza qiymətinin 65 dollar götürüldüyünü nəzərə alsaq, hazırda hər barel üzrə təxminən 29 dollarlıq fərq mövcuddur.
Ekspert vurğulayıb ki, əsas risk neftin bir neçə gün ucuzlaşması deyil, qiymətin uzun müddət 80, 70 və xüsusilə 65 dollar ətrafında qalmasıdır. Belə ssenaridə Azərbaycanın ixrac gəlirləri, dövlət büdcəsinə daxilolmalar və Dövlət Neft Fondundan büdcəyə transfert imkanları azala bilər.
“Azərbaycan iqtisadiyyatının riskləri yalnız neftin qiymətindən ibarət deyil. Neft hasilatının azalması da mühüm amildir. Buna görə qiymət yüksək qalsa belə, hasilatın azalması ümumi neft gəlirlərinin artımını məhdudlaşdıra bilər”, – deyə iqtisadçı qeyd edib.
Nəsirlinin fikrincə, bu şəraitdə təbii qaz ixracının, qeyri-neft-qaz sektorunun və qeyri-neft ixracının əhəmiyyəti daha da artır.
Ekspert hesab edir ki, hazırkı qiymət səviyyəsində panikaya əsas yoxdur. Lakin uzunmüddətli perspektivdə neft gəlirlərindən asılılığın azaldılması və hətta 60-65 dollarlıq neft ssenarisində belə büdcə sabitliyini qoruyacaq maliyyə siyasətinin qurulması Azərbaycan üçün daha təhlükəsiz modeldir.












