Qafqazın zəngin təbii və mədəni sərvətləri ilə yanaşı, region əsrlər boyu böyük iztirabların və etnik təmizləmə siyasətlərinin şahidi olub. Bu barədə Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli geniş təhlil yazısında bildirib.
İlqar Hüseynli qeyd edir ki, XIX əsrdə Çar Rusiyasının yürütdüyü siyasət nəticəsində Qafqazda yaşayan Çərkəzlərin 90%-ə qədəri ya öldürülüb, ya da kütləvi şəkildə sürgün edilib. Tarixçi Valterin məlumatına görə, bu faciə zamanı təqribən 1-1,5 milyon insan həyatını itirib və bu hadisə Çərkəz diasporu tərəfindən hər il 21 may – Çərkəz Soyqırımı Günü kimi anılır.
Bu faciə Gürcüstan tərəfindən 2011-ci ildə, Ukrayna tərəfindən isə 2025-ci ildə rəsmi şəkildə soyqırımı kimi tanınıb. İlqar Hüseynli bu qərarların beynəlxalq ictimai rəyin diqqətini regionda baş vermiş insanlıq faciələrinə yönəltdiyini bildirib.
Oxşar taleyi XX əsrdə Azərbaycan türkləri də yaşayıb. 1918-ci ilə qədər 198 azərbaycanlı kəndi boşaldılıb, 135 min nəfər soyqırıma və miqrasiyaya məruz qalıb. 1948-1953-cü illərdə Ermənistan SSR ərazisindən 150 min azərbaycanlı zorla çıxarılıb, minlərlə insan həyatını itirib. 1988-1992-ci illərdə isə 250 min azərbaycanlı Qərbi Azərbaycandan deportasiya olunub.
Bu hadisələr fonunda, 2023-cü ilin yanvarında Qərbi Azərbaycan İcması tərəfindən Qayıdış Konsepsiyası sənədi hazırlanıb. Sənəddə azərbaycanlıların öz doğma torpaqlarına dinc və hüquqi əsaslarla qayıdışının vacibliyi vurğulanır. Eyni zamanda, bu prosesin beynəlxalq hüquq normalarına uyğun şəkildə, qarşı tərəflə dialoqun açıq saxlanılması şərti ilə həyata keçirilməsi nəzərdə tutulur.
İlqar Hüseynli qeyd edir ki, Çərkəz və Azərbaycan xalqlarının tarixi iztirabları, mədəni yaxınlıqları və hüquqlarının pozulması ilə bağlı ortaq təcrübələri onların beynəlxalq arenada birgə səylərini vacib edir:
“Qafqaz xalqlarının və dövlətlərinin qarşılıqlı etimad əsasında quracağı əlaqələr və qanunun aliliyi regionda davamlı sülhə nail olmaq yolunda mühüm addım olacaq.”
Məqalədə həmçinin vurğulanır ki, bu tarixi həqiqətlərin tanıdılması yalnız humanitar deyil, həm də siyasi və hüquqi baxımdan ədalətin bərqərar olunması üçün vacibdir.






