Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,73 ABŞ dolları və ya 0,8% azalaraq 90,05 ABŞ dollarına bərabər olub.
Bəs Azeri Light markalı neftin qiymətinin azalmasının səbəbləri nədir? Neft qiymətlərindəki bu cür dəyişikliklərin əsas səbəbləri nə ola bilər? Neft gəlirlərinin azalması büdcədə hansı dəyişiklərə səbəb ola bilər?
QHT.az bu sualları “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhübbəli Nağıyevə ünvanlayıb. QHT sədri bildirib ki, pandemiyadan sonra Dünya iqtisadiyyatında çox böyük dəyişikliklər baş verdi, əsasən də ekologiyanın çirklənməsinin, qlobal istiləşmənin, flora və faunaya dəyən zərərin aradan qaldırılmasına daha çox diqqət ayrılır: "Məlumdur ki, 2024-cü il ekologiyanın müdafiəsi ili kimi diqqət mərkəzindədir. Ona görə də, bu gün dünya ölkələri alternativ enerjidən daha çox faydalanmağa üstünlük verirlər. Azərbaycan neftinin alıcıları əsasən qərb ölkələridir. Qərb ölkələrində isə ekologiyanın mühafizəsi əsas məqsədlərdən biridir. Azərbaycan neftinin də qiymətinin ucuzlaşmasının bir çox səbəbləri vardır ki, bu da həmin səbəblərdən biridir. Əlbəttə ki, Azərbaycan neftinin ucuzlaşması büdcəyə təsir etməyə bilməz. Təsir etsə belə, bunun üçün Dövlətin öz strateji planları vardır və bu sahəyə mütəmadi nəzarət olunur".
Pərvanə Fərhadqızı












