Regional Gender Mərkəzi İctimai Birliyinin sədri, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, Miqrasiya Əməkdaşlıq Platformasının İdarə Heyətinin üzvü Şərqiyyə Dadaşova QHT.az-a açıqlamasında bildirib ki, “Nümunəvi Valideynlik İnstitutu” adlı layihə çərçivəsində keçmiş məcburi köçkün icmalarında tədbirlər təşkil olunub.
Onun sözlərinə görə, layihə çərçivəsində Xocavənd və Füzuli rayonlarının hər birində iki tədbir keçirilib. Gələcək mərhələlərdə layihənin Qayıdış öncəsi icmaların səfərbər olunması, sağlamlıq və məşğulluq problemlərinin həllini də nəzərdə tutduğunu qeyd edən Ş. Dadaşova bildirib:
"Keçmiş məcburi köçkünlərin, xüsusilə qadın və uşaqların psixoloji dəstəyə ehtiyacı var. Uzun illər müharibə şəraitində yaşamaq ailə münaqişələrinin, intihar və zorakılıq hallarının artmasına gətirib çıxarıb. Bu halların qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin təşkili, psixoloji təlimlərin və xidmətlərin göstərilməsi çox vacibdir."
O əlavə edib ki, bu ehtiyacı nəzərə alaraq mərkəzdə psixoloji dəstək xidmətləri nəzərdə tutulub və artıq psixoloqlar bu istiqamətdə fəaliyyətə başlayıblar. QHT sədri hesab edir ki, bu addımlar nümunəvi valideynlərin, sağlam ailələrin çoxalmasına töhfə verəcək.
Pərvanə Fərhadqızı












