Müəllimlərin sertifikasiya proseduru təkmilləşir – QHT ekspertindən AÇIQLAMA
Təhsil eksperti və AVMA İctimai Birliyinin Ekspertlər Şurasının sədri Nadir İsrafilov QHT.az-a verdiyi açıqlamada müəllimlərin sertifikasiya prosesinin təkmilləşməsinin davam edəcəyini bildirib.
Onun sözlərinə görə, sertifikasiya prosedurunun təkmilləşdirilməsi əsasən müəllimlərin bu prosesə daha müsbət yanaşmalarını təmin etməyə yönələcək:
"Sertifikasiya proseduru müəllimlər üçün diskomfortla müşayiət olunan narahatlıq və narazılıq halına deyil, səbirsizliklə gözlənilən özünə inam və özünə güvən hissinə çevrilməlidir. Nəzərə alsaq ki, hər il təxminən 35 min müəllimin sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulub və 2026-cı ilə qədər bütün müəllimlər prosesdən keçəcək, deməli qaydalarda təkmilləşmə və yeniləşmə işlərinə də zərurət yaranacaq".
Ekspert əlavə edib ki, əmək müqaviləsinin ləğv edilməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsaslanacaq ki, bu da müəllimin peşəkarlıq səviyyəsinin və ixtisasının kifayət qədər olmaması səbəbindən vəzifəsinə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən verilmiş qərar əsasında həyata keçiriləcək:
"Ən başlıcası isə təkrar sertifikasiya imtahanına gələnlər bilməmiş deyildilər, yəni bilməlidirlər ki, sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yerini saxlamaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanmış əmək müqaviləsi, sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarına görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi məlum olduğu kimi, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət qədər olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsini nəzərdə tutur".
Ardı var...
Pərvanə Fərhadqızı
QHT.az