Xəbərlər 18.04.2024 09:31 1418

“Azərbaycanın yumşaq diplomatiyasında iqlimin qorunmasına dəstək mexanizmləri” mövzusunda elmi seminar keçirilib

Aprelin 17-də Bakı Slavyan Universitetində (BSU) “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində BSU-nun Tədbirlər Planına uyğun olaraq “Azərbaycanın yumşaq diplomatiyasında iqlimin qorunmasına dəstək mexanizmləri” mövzusunda elmi seminar keçirilib.

Elmi seminarın moderatoru BSU-nun Diplomatiya və xarici siyasət kafedrasının müdiri Əsgər Əhməd yumşaq diplomatiya anlayışının mahiyyətindən söz açaraq onun “Yumşaq güc” nəzəriyyəsi əsasında yarandığını qeyd edib. Moderator beynəlxalq münasibətlər sistemində yeni paradiqmaların meydana gəlməsi zəminində müasir dövrdə yumşaq diplomatiyadan istifadənin zəruriliyini diqqətə çatdırıb.

Elmi seminarda çıxış edən BSU-nun rektoru Anar Nağıyev elmi seminarın qlobal səviyyədə iqlim dəyişikliyi kontekstində Azərbaycanın fəaliyyəti, onun regional siyasətə təsiri məsələlərinin müzakirəsinə həsr olunduğunu bildirib. Rektor ayrılıqda bir fərd olaraq hər kəsin ölkədə həyata keçirilən yumşaq diplomatiya siyasətinə öz töhfələrini verməsinin vacibliyini vurğulayıb. Anar Nağıyev diplomatiyanın qeyri-ənənəvi forması olan yumşaq diplomatiyaya müxtəlif aspektlərdən yanaşmalardan ibarət maraqlı diskussiyanın təşkilində iştiraklarına görə məruzəçilərə öz minnətdarlığını ifadə edib.

Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin şöbə müdiri Əsmər Yusifzadə Azərbaycanın qlobal iqlim dəyişikliyi mövzularına daim həssaslıqla yanaşdığını bildirib. Dünyada qlobal iqlim dəyişikliyi ilə bağlı qəbul edilən beynəlxalq sənədlər barəsində danışan Əsmər Yusifzadə Azərbaycanın həmin beynəlxalq protokollara qoşularaq beynəlxalq arenada ekoloji problemlərin həllində fəal iştirak etdiyini vurğulayıb. O, həmçinin Azərbaycanın COP29-la bağlı qarşıya qoyduğu hədəflərdən, COP29 ilə əlaqədar Troyka formatı çərçivəsində həyata keçirilən hazırlıq işlərindən söz açıb.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin müdiri Fərhad Məmmədov müasir dövrdə qlobal diskussiyalarda iştirakın əhəmiyyətinə toxunub. Fərhad Məmmədov COP29 vasitəsilə Azərbaycanın qlobal dialoq məkanına çevirləcəyini qeyd edərək bu sahədə yeni mərhələyə qədəm qoyacağını bildirib.

Kanada azərbaycanlıları şəbəkəsinin idarə heyətinin üzvü Anar Cahangirli “Yumşaq güc” termininin mahiyyəti barədə danışıb. O, nümunələr vasitəsilə Azərbaycanın dünya siyasətində yumşaq gücün alətlərindən istifadəni istər dövlət səviyyəsində, istərsə də qeyri-dövlət səviyyəsində uğurla həyata keçirdiyini nümunələr əsasında diqqətə çatdırıb. Anar Cahangirli həmçinin Kanada azərbaycanlıları şəbəkəsinin fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib.

Elmi seminar məruzələr ətrafında müzakirələrlə davam edib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı