Xəbərlər 17.04.2024 09:46 1639

Yeniyetmə Cinayətlərinin Artmasına Qarşı Qabaqlayıcı Tədbirlər: QHT sədrindən TƏHLİL

Azərbaycanda son bir ildə yeniyetmə cinayətləri artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə 14-17 yaşlı uşaqlar tərəfindən 364 cinayət törədilib, onlardan 46-sı ağır və xüsusilə ağırdır. Bir il əvvəl yeniyetmələr tərəfindən 311 cinayət törədilib - ötən illə müqayisədə onların sayı 14% artıb. Bu cinayətlərin əksəriyyəti paytaxtda törədilib.

Bəs gənclər arasında cinayətkarlığın artmasına qarşı hansı qabaqlayıcı tədbirlər görülə bilər? Bu cinayət hadisələrinin əksəriyyətinin paytaxtda baş verməsinin əsas səbəbləri nə ola bilər?

QHT.az "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumovadan açıqlama alıb. O təəssüflə qeyd edib ki, artım var və bunların da əksəriyyəti də paytaxtda baş verir, çünki əhalinin də çoxsu böyük şəhərlərdə əsasən paytaxtda yaşayır: “Əslində qabaqlayıcı tədbirlər aparılır, amma tam şəkildə demək olmaz ki, hər hansı bir qabaqlayıcı tədbirlər var. Məktəblərdə uşaqlarla maarifləndirmə, həssas təbəqədə olan ailələrin birbaşa xidmətlərə çıxışı ki, onlarla işlənib, preventiv tədbirlər görülüb, onların problemlərinin həlli istiqamətində hər hansı bir addımlar atılsın. Riskli davranışa meyilli olan və çətin tərbiyə olunan uşaqlarla, ailələrlə işləmək üçün xüsusilə rayonlarda psixoloqların, sosial işçilərin olmaması bu qabaqlayıcı tədbirlərin görülməsində çətinlik yaradır. Daha çox özəl xidmətlərin aparılması uşaqların bu xidmətlərdən istifadəsini tormazlaşdırır. Çünki hər bir ailənin maliyyə vəsaiti yoxdur ki, övladını hər hansı bir yerə yönləndirsin”.

QHT sədri həmçinin bildirib ki, Yuvenal Ədliyyə Mərkəzi uşaqların sosial, psixoloji, reabilitasiya və hüquqi müdafiəsini aparır, onların daha geniş tanıtımı və dövlət qurumları ilə birgə birbaşa operativ yanaşması nəticəsində uşaqların mərkəzlərə yönləndirilməsi və orada uşaqlarla işinin aparılması, onların gələcəkdə potensial cinayətkar yetişməsinin qarşısını alacaqdır.

Qeyd edək ki, ümumilikdə, 2023-cü ildə daxili işlər orqanlarına 5446 azyaşlı (bir il əvvəl - 4805) gətirilib ki, onların da böyük əksəriyyəti gənclərdir. Yetkinlik yaşına çatmayanlar arasında spirtli içki və narkotik vasitələrdən istifadə, dilənçilik və s. 800-ə yaxın yeniyetmə inzibati məsuliyyətə cəlb edilib ki, bu da 2022-ci illə müqayisədə iki dəfə çoxdur. Ağır və xüsusilə ağır cinayətlərin sayı, ekspertlərin qeyd etdiyi kimi, praktiki olaraq artmır. Əsasən oğurluq üstünlük təşkil edir.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı