DOST TV həm də inklüziv cəmiyyətin inkişafına dəstək olacaq - QHT sədri
Azərbaycanda ilk sosial televiziya nümunəsi olan “ DOST TV” internet televiziyası fəaliyyətə başlaması çox əlamətdar hadisədir. Biz ilk canlı yayımda Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevin geniş müsahibəsi və eyni zamanda vətəndaşların suallarına cavabı ilə tanış olduq.
Bu fikirləri QHT.az-a açıqlamasında “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” ictimai birliyinin sədri Zülfiyyə Nuriyeva deyib.
“Çox yaxşı bir nümunə oldu. Davamlı olaraq bütün idarə rəhbərləri eyni qaydada vətəndaşların suallarını cavablandıracaq.
Sosial sahə elə bir sahədir ki, hər birimizin bu sahəyə hər hansı bir formada əlaqəsi olur. Deməli DOST TV hər birimizin sevimli TV-si olacaq.
DOST TV-də izləyicilərə sosial yeniliklər, islahatlar, yeni layihələr, qanunvericilik və sosial hüquqlar, dövlət sosial xidmətləri barədə dolğun məlumatlar çatdırılacaq.
Hər bir vətəndaş öz sosial hüquqlarını və imtiyazlarını bilmək üçün ilk növbədə dolğun məlumata malik olmalıdır. Bu dolğun məlumatı da DOST TV verəcək.
Sosial sahə həm də həssas əhali kateqoriyasını əhatə edir. Bu TV həm də inklüziv cəmiyyətin inkişafına dəstək olacaq. Əlilliyin olan şəxslərin uğur hekayələri, Azərbaycan Əsgərinin qəhrəmanlıqları bu kanal vasitəsi ilə təbliğ olunacaq.”