Xəbərlər 31.03.2024 13:49 3256

Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir    

Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir    

 

Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate Federasiyası və Azərbaycan Fullkontak Kyokşin Karate Federasiyasının birgə təşkilatçılığı ilə Fullkontakt Kyokuşin/Şinkyokuşin karate növü üzrə uşaq, yeniyetmə, gənclər və böyüklər arasında XXV açıq respublika çempionatı və birinciliyi keçirilib.
Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışlar iki gün (30-31 mart) davam edib. Çempionatda 300-ə yaxın idmançı gücünü sınayıb.
Masallı idmançılarından Soltan və Rüfət Gəncizadə qardaşları respublika birinciliyində uğurlu nəticələr əldə ediblər. Belə ki,  Rüfət (25 kq) yarışların qızıl, Soltan (45 kq) isə bürünc medalını qazanıb. 
Hər iki idmançı təşkilat komitəsinin müvafiq dərəcəli diplom və medalları ilə təltif olunub.
Məlumat üçün bildirək ki, altı yaşından kyokuşin karate növü ilə məşğul olan Soltan Elsevər oğlu Gəncizadə altıqat respublika çempionudur. On iki yaşlı idmançı iki (kyu) qəhvəyi kəmərə sahiblənib.
Dörd il öncə məşqlərə qatılan doqquz yaşlı Rüfət Gəncizadə isə qısa müddət ərzində beş dəfə respublika çempionu adına, dörd dəfə (kyu) yaşıl kəmərə sahib olub. 
İlk məşqçi-müəllimləri 2-ci dan qara kəmər sahibi, Beynəlxalq Kyokuşin kontakt karate Təşkilatının Azərbaycan  nümayəndəliyi və “OYAMA” döyüş növləri idman klubu ictimai birliyinin Masallı rayonu üzrə baş məşqçisi Sabir Lətifov olan Gəncizadə qardaşları hazırda Bakı şəhərində 4-cü dan qara kəmər sahibi, Avropa və dünya çempionatlarının qalibi Mehdi Əhmədovun rəhbərliyi ilə məşqlərini davam etdirirlər.   

 

Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü.


 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı