Zorakılıq deyəndə çoxlarının gözündə şiddət, qışqırıq, təhqir və ya vurulan yara canlanır. Amma bəzən zorakılıq səssiz olur, heç bir iz qoymur, amma insanın ruhunu yavaş-yavaş dağıdır. Buna “sakit zorakılıq” deyilir. Bu, fiziki güclə deyil, sözlə, susqunluqla, laqeydliklə, manipulyasiya ilə edilən bir zorakılıqdır.

Sakit zorakılıq nədir?

Sakit zorakılıq insanın duyğularını, fikirlərini, şəxsiyyətini dəyərsizləşdirməkdir. Qışqırmadan, vurmadan, amma soyuq baxışlarla, susmaqla, söz verməyib tutmamaqla, manipulyasiya ilə insanı içindən sındırmaqdır. Bir növ görünməz zəncirlərdir – insan azaddır, amma içində əsirdir.

Forması necə olur?

– Laqeydlik: Qarşı tərəfin duyğularını görməmək, ehtiyaclarını vecə almamaq.
– Gazlaytinq:
 Gerçəkləri inkar edərək insanı özündən şübhələndirmək.
– Susqunluqla cəzalandırma: Heç nə demədən, sadəcə danışmamaqla qarşı tərəfi sıxışdırmaq.
– İstifadə etmək: Münasibətdə yalnız öz maraqlarını önə çəkmək.
– Təhdid etmədən qorxutmaq: Baxış, ton, imalı sözlərlə qarşı tərəfi daima gərgin saxlamaq.

Psixoloji təsirləri

Sakit zorakılıq uzun müddət davam etdikdə insanın içində dərin yaralar açır. İnsan özünə inamını itirir, daima “bəlkə də mən günahkaram” hissi ilə yaşayır. Xroniki stress, depresiya, özünü dəyərsiz görmə, hətta panik atak kimi nəticələr ortaya çıxır. Bəzən isə insan zorakılığa o qədər öyrəşir ki, bunun zorakılıq olduğunun fərqinə belə varmır.

Niyə təhlükəlidir?

Çünki sakit zorakılıq gizlidir. Nə qonşu görür, nə dost anlayır, nə də ailə fərqinə varır. Həmin insan isə içində günbəgün əriyir. Və ən qorxulusu – bu zorakılıqdan qurtulmaq çətindir, çünki açıq-aşkar “səbəb” yoxdur.

Necə çıxmaq olar?

Əvvəlcə başa düşmək lazımdır ki, sakit zorakılıq da zorakılıqdır. Susqunluq, laqeydlik, manipulyasiya normal münasibət nümunəsi deyil. Bu anlayışa gəlmək ilk addımdır. Sonrakı mərhələdə dəstək çox vacibdir – dostlardan, ailədən, psixoloqdan. Çünki insan tək başına bu görünməz zəncirləri qıra bilmir. Ən əsası isə – öz dəyərini yenidən tanımaqdır. Özünü dəyərli hiss edən insan heç vaxt kiminsə səssiz zorakılığına boyun əymir.
Zorakılıq bəzən qışqırmır, vurmur, iz qoymur. Sadəcə susur… Amma məhz o susqunluq insanın içində fırtına qoparır. Sakit zorakılıq görünməzdir, amma təsiri ən ağır izləri qoyur. Ona görə də bu mövzuya biganə qalmaq olmaz. Çünki ruhun yaraları bəzən bədənin yaralarından daha dərindir.

 

Samirə İsmayılova

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin Psixoloqu