2025–2026-cı tədris ilində Qarabağ Universitetində ingilis və rus bölmələri üzrə tələbə qəbulu nəzərdə tutulmur.

Bu barədə QHT.az-a açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bu qərarın milli maraqlar baxımından əsaslı və strateji olduğunu bildirib:

"Qarabağ Universitetində hazırda yalnız Azərbaycan dili bölməsinin fəaliyyət göstərməsi, dövlətimizin milli maraqları və dil siyasəti baxımından tam əsaslı və strateji bir addımdır. Qarabağ bölgəsində ali təhsil sisteminin yenidən qurulması prosesi ilk növbədə milli kimliyin, dövlət suverenliyinin və dilin bərpası üzərində inşa olunur. Lakin paralel olaraq qeyd etmək lazımdır ki, orta və uzunmüddətli mərhələdə ingilis və rus bölmələrinin də təşkili regionun təhsil potensialının beynəlxalq səviyyədə tanıdılması və qlobal əməkdaşlıqların genişləndirilməsi baxımından vacib ola bilər".

Təhsil ekspert onu da vurğulayıb ki, bu istiqamətdə düşünmək lazımdır ki, Qarabağ Universiteti yalnız yerli deyil, eyni zamanda regional və beynəlxalq əhəmiyyət daşıyan bir elm və təhsil mərkəzinə çevrilməlidir:

"İngilis bölməsinin yaradılması, xarici tələbələrin cəlb olunmasına, beynəlxalq ikili diplom proqramlarının tətbiqinə və qlobal elmi əməkdaşlıqların inkişafına şərait yaradacaq. Rus bölməsinin təşkili isə MDB məkanındakı təhsil əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir".

Ardı var...

 

Pərvanə Fərhadqızı