Son illərdə Azərbaycanda tətbiq olunan cərimələrin artımı nəzərə çarpır. Vətəndaşlar isə bu məbləğlərin onların aylıq gəlirləri ilə uyğunlaşmadığını, nəticədə bəzən cərimələri qarşılamaq üçün borclanmağa və ya kredit götürməyə məcbur qaldıqlarını bildirirlər. Mövcud cərimə siyasətində əhalinin sosial-iqtisadi imkanlarının yetərincə nəzərə alınmadığı qənaəti formalaşır.

Mövzu ilə bağlı Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynov QHT.az-a açıqlama verib.

Sədr ölkədə cərimələrin sosial-iqtisadi vəziyyətin nəzərə alınmadan həddən artıq geniş və yüksək tətbiq olunduğunu, bunun isə ədalətli və effektiv cəza siyasətinə zidd olaraq həm vətəndaşların, həm də dövlətin maraqlarına uyğun olmadığını bildirib: "İlk növbədə cərimələrin müəyyən edilməsi prinsiplərinə baxmaq lazımdır. Hüquq elmində cərimələrin müəyyən edilməsi cəzaların effektiv, mütənasib və çəkindirici olmasını təmin etməyi hədəfləyir. Təəssüf ki, mövcud praktika ölkədə cərimə siyasətinin əsasən iki prinsip üzərində - cərimələrin arealının mümkün qədər daha çox geniş və yüksək olması ilə qurulduğunu göstərir. İş yerlərinin məhdud, sosial müavinətlərin gündəlik minimal ehtiyacları qarşılamadığı, minimum əmək haqqının 300 manat olduğu bir şəraitdə tətbiq olunan cərimlər heç bir halda adekvat deyildir. Ən pisi odur ki, çevrə olanlarla qapanmır. Biz mütəmadi olaraq yeni cərimə növlərinin tətbiqinin şahidi oluruq. Bu azmış kimi sosial mediada vətəndaşların müxtəlif bəhanələrlə cərimələnmələri ilə bağlı məlumatlara da çox tez-tez rast gəlirik. Əlbəttə, tamamilə yanlış olan bu siyasət nə vətəndaşların, nə də dövlətin özünün maraqlarına uyğun deyildir.

"Narazı kütlə hər zaman dövlətin özünün təhlükəsizliyi üçün risklər yaratdığından məsələ həssas yanaşmanı tələb edir" - deyə M.Hüseynov qeyd edib.

Mirəli Hüseynov əlavə edib ki, cərimələrin dövlət büdcəsi üçün əsas gəlir mənbəyi kimi qəbul edilməsindən imtina edilməli, inzibati cərimələr isə daha ədalətli və humanist şəkildə tənzimlənərək həm tətbiq dairəsi, həm məbləği, həm də şəxsin sosial-iqtisadi vəziyyəti nəzərə alınmaqla liberallaşdırılmalıdır: "Fikrimcə, cərimələrə dövlət büdcəsinin gəlir mənbəyi kimi baxılması konsepsiyasından imtina edilməlidir. Bunun üçün də, xüsusilə də inzibati cərimələrin liberallaşdırılması istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır. Bu tədbirlərə cərimə nəzərdə tutan əməllərin çevrəsinin məhdudlaşdırılması, cərimə məbləğlərinin optimallaşdırılması, cərimələnən şəxsin maddi və sosial vəziyyətinin nəzərə alınması və digərləri aid ola bilər".

 

Fatimə Nəbiyeva