Dünya üzrə su resurslarının azalması və iqlim dəyişikliyi nəticəsində yaranan quraqlıq şəraiti su təchizatı sahəsində yeni texnoloji və ekoloji həllərin tətbiqini zəruri etmişdir. Bu baxımdan yağış sularının yığımı sistemləri su ehtiyatlarının idarə olunmasında ekoloji, sosial və iqtisadi baxımdan əhəmiyyətli mexanizmlərdən biri hesab olunur. Bu sistemlərin əsas məqsədi yağış və qar sularını süni yolla toplamaq, saxlamaq və onların məişət, kənd təsərrüfatı və texniki məqsədlər üçün səmərəli istifadəsini təmin etməkdir.
Damlara yağan yağış sularının yığımı qədim sivilizasiyalardan bəri mövcuddur. Arxeoloji tədqiqatlar göstərir ki, belə sistemlər Mesopotamiya, Roma, Hindistan və Çin ərazilərində eramızdan əvvəl minilliklərdə mövcud olmuşdur. Müasir dövrdə isə bu texnologiya davamlı inkişaf məqsədləri (DİM 6 — Təmiz su və sanitariya) çərçivəsində yenidən aktuallıq qazanmışdır.
Yağış sularının yığımı sistemi sadə texniki prinsiplərə əsaslanır: yağıntı zamanı dam səthinə düşən su axın şəklində borulara yönəldilir, oradan isə ilkin təmizlənmədən keçərək su anbarına ötürülür.
Sistem ümumilikdə beş əsas komponentdən ibarətdir:
1. Toplama səthi - dam örtüyü: Su yığımı prosesi buradan başlayır. Ən effektiv səthlər — metal, keramik və beton damlardır.
2. Axıdıcı borular: Yağış sularını dam səthindən istiqamətləndirərək anbara yönəldir.
3. İlk axın ayrıcısı: Yağışın ilk 2–3 mm hissəsi adətən toz, qum və yarpaq kimi çirkləri daşıyır. Bu hissə avtomatik olaraq sistemdən kənarlaşdırılır.
4. Filtrasiya sistemi: Mexaniki (qum, kömür, çınqıl) və ya bioloji (aktiv kömür) filtrlər vasitəsilə təmizlənir.
5. Su anbarı: Suyun saxlanıldığı əsas hissədir. Beton, plastik və ya metal sisternalar şəklində ola bilər.
Bu prosesin nəticəsində toplanmış su məişət ehtiyacları (unitaz, yuyulma, təmizlik) üçün istifadə edilə bilər.
Dam sularının yığımı sistemləri ekoloji dayanıqlığın təminində mühüm rol oynayır. İlk növbədə, bu sistemlər mərkəzləşdirilmiş su təchizatı şəbəkələrinə olan tələbi azaldır, bununla da su enerjisinə və suyun daşınmasına sərf olunan enerjini və karbon emissiyalarını aşağı salır.
İkincisi, sistemlər daşqın və eroziya risklərini azaldır, çünki yağıntıların bir hissəsi səth axınına keçmədən tutulur və saxlanılır. Bu xüsusilə Bakı, Gəncə və Sumqayıt kimi sıx məskunlaşmış ərazilərdə yağış sularının idarə olunması üçün mühüm əhəmiyyət daşıyır.
Sosial aspektdən, bu texnologiya icma səviyyəsində su təhlükəsizliyini gücləndirir. Kənd ərazilərində yaşayan əhali üçün dam sularının yığımı içməli və məişət suyu ehtiyaclarının alternativ mənbəyi kimi çıxış edir. Su təchizatının fasiləsiz olmadığı regionlarda bu sistemlər sosial rifahı və sağlamlıq göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Dam sularının yığımı sisteminin effektivliyi hidroloji, texniki və ekoloji dizayn prinsiplərinin düzgün tətbiqindən asılıdır. Əsas meyarlar aşağıdakılardır:
• Yağıntı həcmi və tezliyi: İllik yağış miqdarı, intensivlik və paylanma sistemi ölçüləndə nəzərə alınmalıdır.
• Damın sahəsi və materialı: yağıntı həcmindən asılı olaraq Azərbaycan ərazisində illik normativ göstəricilər çərçivəsində 100 m² dam sahəsi ildə təxminən 30–300 m³ su toplama potensialına malikdir.
• Su keyfiyyəti: İçməli istifadə üçün sistemdə əlavə dezinfeksiya mərhələsi (xlorlama və ya UV sterilizasiya) tələb olunur.
• Anbarın həcmi: Yağıntı tezliyinə, ehtiyac səviyyəsinə və suyun təyinatına əsasən hesablanır.
Azərbaycanın iqlim müxtəlifliyi dam sularının yığımı üçün əlverişli şərait yaradır. Ölkənin qərb və cənub rayonlarında illik yağıntı 600–800 mm olduğu halda, Abşeron və Naxçıvan kimi regionlarda bu göstərici 150–300 mm civarındadır. Dağlarda yağıntılar müəyyən yüksəkliyə qədər (Böyük və Kiçik Qafqazda 2600–2800 m, Naxçıvan MR-da 2600–3000 m, Talışda 200–600 m-dək) artır, sonra isə tədricən azalır. Bu ərazilərdə illik yağıntıların maksimum miqdarı Böyük Qafqazın cənub yamacında 1400–1600 mm, şimali şərq yamacında 800 mm, Kiçik Qafqaz və Naxçıvan MR-da 800–900 mm, Talış dağlarında isə 1700–1800 mm təşkil edir. Bu, o deməkdir ki, dam sularının yığımı su ehtiyatlarının paylanmasında balans yarada bilər.
Azərbaycan üçün bu texnologiyanın tətbiqi yalnız texniki yenilik deyil, həm də ekoloji idarəetmənin milli səviyyədə transformasiyası anlamına gəlir. Dövlət proqramlarında və şəhərsalma siyasətlərində dam sularının yığımı sistemlərinin təşviqi ölkənin su təhlükəsizliyi strategiyasının dayanıqlı bünövrəsini formalaşdıra bilər.
Məqalə Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən “Azərbaycanda hidrotəhlükəsizlik çağırışları” layihəsi çərçivəsində hazırlanıb.
Məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.






