Vüqar Əhmədov: "İncəsənət və ekoloji təşəbbüslər Azərbaycanın beynəlxalq imicinə töhfə verir"

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) adlı incəsənət festivalında xarici ölkələrdən gəlmiş rəssam və incəsənət nümayəndələri su mövzusunu yaradıcılıqla ifadə edəcəklər.

Tədbirə münasibət bildirən Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov QHT.az-a açıqlamasında belə təşəbbüslərin beynəlxalq miqyasda Azərbaycanın tanıdılması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb:

"Belə təşəbbüslər beynəlxalq miqyasda Azərbaycanın tanıdılması baxımından çox yaxşı fürsətlər hesab oluna bilər. Bilirik ki, dünyada bu gün ətraf mühit məsələlərinə xüsusi önəm verilir – təmiz su və təmiz ətraf mühit, suya qənaət planetin əsas çağırışlarından hesab olunur. Azərbaycan COP29-dan əvvəl, eyni zamanda COP29 çərçivəsində ətraf mühit və ekoloji dəyərlərə nə qədər sadiq olduğunu dünyaya nümayiş etdirmişdir.”

Vüqar Əhmədov həmçinin qeyd edib ki, belə festivallar Azərbaycanın gözəl təbiətini və yaradıcılıq potensialını diqqətə çatdırmaq baxımından önəmli alətə çevrilir:

“Bu tədbir ətraf mühit və incəsənətlə maraqlanan art workerlərin diqqətini ölkəmizə və bölgəmizə cəlb etmiş olacaq. Üstəlik, gənclər işində art work indi beynəlxalq miqyasda cəlbedici sahə sayılır. Çünki art work vasitəsilə gənclər öz ideyalarını dünyaya çatdırır, həm əylənir, həm də ətraf mühit üçün faydalı işlər görürlər. Bu istiqamətdə faydalı əl işləri və sərgilər iştirakçılar tərəfindən hazırlanaraq maarifləndirmə işində mühüm rol oynaya bilər.”

Festivalın həm şəhər sakinləri, həm də Bakıya təşrif buyuracaq qonaqlar üçün maraqlı bir mədəni hadisəyə çevriləcəyi gözlənilir.

 

Pərvanə Fərhadqızı

QHT.az