XX əsrdə Cənubi Qafqazda baş verən demoqrafik dəyişikliklər regionun siyasi və sosial strukturuna mühüm təsir göstərmişdi. 1905-1920-ci ildən Qərbi azərbaycanlılara qarşı başlanan deportasiya siyasəti 1953-cü ildə davam etdi. Onu da qeyd edək ki, bu illər 1948-1953 SSRİ tarixində kütləvi deportasiyaların geniş miqyas aldığı dövrlərdən biri kimi şərh olunur. Bu prosesin bir hissəsi kimi Ermənistan SSR-də yaşayan yüz minlərlə azərbaycanlının öz tarixi yaşayış məkanlarından köçürülməsi həyata keçirilib. Bu proses yalnız sosial-iqtisadi deyil, həm də milli kimlik, tarixi irs və demoqrafik struktur baxımından dərin izlər qoymuşdur.
Tarix təkrarlanırdı. 1828-ci ildə İrandan, 1905-1920-ci illərdə Rusiyadan, İkinci Dünya müharibəsindən sonra isə 1948-1953-cü illərdə Yaxın Şərqdən və Avropadan 100 mindən çox etnik erməni Ermənistan SSR-ə köçürülməsi reallaşır. Təbii ki, məskunlaşmaq üçün Ermənistana gətirilən ermənilərin yerləşdirilməsi üçün yeni ərazilərə, torpaq fonduna ehtiyac yaranırdı. Bu problem həll etmək yolu isə təbii ki, yerlı sakinləri, azərbaycanlıları öz yaşadıqları yurdlarından məcburi şəkildə qovaraq çıxartmaqla çözülə bilərdi ki, erməni millətçiləri də məhz bu yolu seçdilər. Bu amil də azərbaycanlı əhalinin köçürülməsi prosesinə təkan verdi.
SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli 4083 saylı qərarı ilə Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına “könüllü köçürülməsi”ni nəzərdə tutulurdu. Rəsmi sənədlərdə könüllülük termini işlədilsə də, praktiki olaraq proses inzibati şəkildə həyata keçirilirdi.
Bu qərar köçürüləcək əhalinin sayını, maddi təminat mexanizmini və mərhələli köçürmə planını təsdiqləyirdi. Qərara əsasən: 1948-ci ildə – 10 min nəfər, 1949–1950-ci illərdə – 40 min nəfər, Ümumi – təxminən 100 min nəfərin köçürülməsi planlaşdırılırdı. Onu da vurğulayaq ki, əhali yalnız dogma yurdunu, mənəvi bağlılığını deyil, özlərinə məxsus torpaq sahələrini, ev və təsərrüfatlarını, qəbirsanlıqlarını və mədəni irs obyektlərini də itirərək köçürdülər. Bundan əlavə, sənədlərdə köçürülmənin “sosial-iqtisadi şəraitin yaxşılaşdırılması” adı ilə aparıldığı göstərilsə də, faktlar bunu təkzib edirdi. Belə ki, soyuq havada evlərini, yurdlarını tərk etmək məcburiyyətində qalan qərbi azərbaycanlılar bu köçdə yollarda xəstəlikdən, soyuqdan dünyasını dəyişdilər. Onların yerləşdirilməsi nəzətdə tutulan evlərin yalnız 20-25% hazır olduğundan insanlar yerləşmə prosesində ciddi problem yaşayırdılar. Onlara vəd olunan pul vəsaitinin böyük hissəsi soydaşlarımıza ödənilmədi. Ailə təsərrüfatları, torpaq sahələri, evlər Ermənistanda müsadirə edildi. Köçürülənlər əsasən bataqlıq, malyariya ocaqları olan Kür-Araz ovalığına yerləşdirilirdi. Nəticədə isə 1953-cü ildən sonra Qərbi Azərbaycanda (Ermənistan SSR-də) azərbaycanlıların payı 30%-dən 10%-ə düşdü. Onlarla azərbaycanlıların kompakt yaşadıqları kəndlər tamamilə boşaldı. Qərbi Azərbaycan torpaqlarında yaranmış Ermənistan dövlətinin demoqrafik vəziyyəti hemogenləşdi.
1988-1991
1953-cü ildə hədəfinə tam formada çatmayan ermənilər yenidən 1988-ci ildə daha geniş miqyaslı fəaliyyətə keçdilər. 1988-ci ildə Ermənistan SSR-də yaşayan azərbaycanlıların tarixi torpaqlarından kütləvi şəkildə çıxarılması XX əsrin sonlarında baş verən ən böyük etnik təmizləmə aktlarından biri hesab olunur. Ermənistan ərazisində əsrlərdir yaşayan 250 mindən çox azərbaycanlı qısa müddətdə zorakılıq, təzyiq, qətllər və pogromlar nəticəsində öz doğma yurdlarını tərk etməyə məcbur edildi. Qərbi Azərbaycan adlandırılan ərazilərdə — indiki Ermənistan Respublikasında — azərbaycanlıların minilliklərə dayanan yaşamı 1988-ci ilin payız-qış aylarında kütləvi şəkildə sona çatdı.1988-ci ilin fevralında Dağlıq Qarabağ məsələsini alovlandıran ermənilər eyni zamanda, Qərbi azərbaycan torpaqlarında yaşayan soydaşlarımızı da unutmadılar. Erməni millətçi təşkilatlarının genişmiqyaslı fəaliyyəti nəticəsində azərbaycanlılara qarşı planlı şəkildə zorakılıq aksiyaları təşkil olundu. Proses qısa zaman ərzində etnik təmizləmə xarakteri aldı. Dağlıq Qarabağın Azərbaycandan qoparılması tələbləri Ermənistanda antiazərbaycan isteriyasını gücləndirdi. Kütləvi mitinqlər, təbliğat kampaniyaları və siyasi təşkilatların çağırışları “azərbaycanlıların Ermənistandan çıxarılması” ideyasını legitimləşdirdi.
1988-ci ilin fevral–may aylarında ( birinci mərhələdə) Sünik (Qafan, Meğri), Ararat, Masis bölgələrində yaşayan kəndlilər ilk olaraq təzyiqə məruz qaldı. Ayrı-ayrı kəndlər boşaldıldı, qaçqın axını başladı. Bu dövrdə artıq yüzlərlə ailə sərhədi keçərək Naxçıvan və Qarabağa pənah gətirdi.
Həmin ilin avqust – oktyabr aylarında hadisələr daha sistemli xarakter aldı. Kirovakan (indiki Vanadzor), Spitak, Kalinino (Axtə), Krasnoselo (Çəmbərək), Basarkeçər, Vedi, Sisyan kimi bölgələrdə azərbaycanlı kəndlərinə hücumlar həyata keçirildi. Bu mərhələdə qətl hadisələri artdı, yüzlərlə ev dağıdıldı, Prosessin sonuclanması isə 1988-ci ilin noyabr dekabr aylarını əhatə etdi.
Noyabrın son günlərindən başlayaraq Ermənistanın bütün ərazisində azərbaycanlılara qarşı həlledici hücumlar başladı. Həm kəndlər, həm şəhərlər eyni vaxtda boşaldıldı: İrəvan şəhəri azərbaycanlılardan tam təmizləndi, Ermənistanda qalan son azərbaycanlı kəndləri də 1988-ci ilin dekabrında zorla boşaldıldı, Qərbi Azərbaycanda azərbaycanlı əhali tamamilə sıfıra endirildi. 250 mindən çox azərbaycanlı qovuldu. Qərbi azərbaycanlılara məxsus olan 185 kənd və 7 şəhər azərbaycanlı əhalidən boşaldıldı. Bu hadisə təkcə bölgənin tarixi demoqrafiyasına zərbə vurmadı, həm də yüz minlərlə insanın həyatında dərin humanitar və psixoloji izlər buraxdı.
Qərbi Azərbaycan ərazilərinin təmizlənməsindən sonra erməni hərəkatı Qarabağ bölgəsinin Azərbaycandan qoparılması istiqamətində ciddi fəaliyyətə başladılar.
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İclahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin həyata keçirdiyi “Qərbi Azərbaycanlıların Beynəlxalq Platformalarda hüquqlarının müdafiəsi” layihəsi çərçivəsində hazırlanmışdır. Yazının məzmununda əks olunan fikirlər və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Rəsmi mövqeyini əks etdirməyə bilər.






