Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur.  Bundan əlavə, Azərbaycanda xalça toxumaq sənətinin tarixi çox qədimə bağlanır. Qədim dövrlərdə müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edir.

Araşdırmalara əsasən, arxeoloji materiallara və yazılı mənbələrə  nəzər salan zaman  Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu-I minilliyin əvvəllərində) məşğul olmaları ilə bağlı faktlara rast gəlinir. Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at fiqurunun (e.ə. II minillik) üzərində gül-çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənli təpəsində aşkar edilmiş qızıl camın (e. ə. I minillik) səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalça sənətinin nə qədər qədim tarixə malik olduğunu göstərir. Arxeoloji qazıntılar zamanı Mingəçevirdən I-III əsrlərə aid katakomba qəbirlərdən palaz və xalça qalıqları aşkar edilib.

Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat veriblər. Sasanilər dövründə (III-VII əsrlər) Azərbaycanda xalça sənəti daha da inkişaf edib, ipəkdən, qızıl-gümüş saplardan nəfis xalçalar toxunub. Alban tarixçisi Musa Kalankatlı (VII əsr) Azərbaycanda toxunulan ipək parçalar və rəngarəng xalçalar haqqında məlumat verib. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter alıb. Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri  olub.  Baha başa gəldiyindən əsasən feodallar üçün toxunulan bu cür xalçalar "zərbaf" adlanırdı. XVI əsrdə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson Şamaxıda Abdulla xanın yay iqamətgahındakı qızıl-gümüş saplarla toxunulmuş xalça haqqında məlumat verir. XVII əsr Holland səyahətçisi Yan Streyts Şamaxı hakiminin atının üstünə salınan çulun qızıl saplarla toxunub mirvari və qiymətli qaş-daşlarla bəzədildiyini xəbər verib. XIII-XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilirdi. İncə ornamentləri, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən bu xalçalar məşhur Avropa rəssamlarının əsərlərində, miniatürlərdə öz əksini tapır. XV əsr Niderland rəssamları Hans Memlinqin "Məryəm öz körpəsi ilə" tablosunda "Şirvan" xalçası, Van Eykin "Müqəddəs Məryəm" əsərində "Zeyvə xalçası", Alman rəssamı Hans Holbeynin (XV əsr) "Səfirlər" əsərində "Qazax" xalçasının təsvirləri verilmişdir.

Azərbaycanda istər təsərrüfat şəraiti, istərsə də təbii şərait xalçaçılığın inkişafı üçün əlverişli olub: yun parça istehsalından ötrü tükənməz bir mənbə olan qoyunçuluğun geniş yayılması, gözəl təbii boyaların olması Azərbaycanda zərif xalçaçılıq sənətinin inkişafı üçün lazımı imkan yaratmışdır. Bu da təbii ki,  ölkə regionlarına uyğun olaraq, xalçaçılığın formalaşmasına səbəb olub. Belə ki, Azərbaycan xalça sənətinin tarixinə nəzər saldıqda Şamaxı, Gəncə, Bakı, Quba, Təbriz , Qarabağ və s kimi bölgələrdə formalaşmış xalçaçılıq məktəbləri bir-birlərindən ilmələrinə, naxışlarına, rənglərinə görə fərqlənirlər. O cümlədən Qərbi Azərbaycanda da formalaşmış və inkişaf etmiş xalçaçılıq sənəti özünə məxsusluğuna, naxışlarına, ilmələrinə görə, digər bölgələrdən əhəmiyyətli dərəcədə seçilib. Doğrudur, Qərbi Azərbaycanlıların doğma yurdlarından deportasiya olunması bu bölgənin xalçaçılığına ciddi  zərbə vurmuşdur. Uzun illər Ermənistan tərəfindən bu xalçaların mənimsənilməsi və erməni xalçaları imiş kimi təqdim edilməsi  kimi problemlərlə dəfələrlə üzləşmişik, Amma buna baxmayaraq Qərbi Azərbaycanlılar hər zaman Azərbaycan xalçaçılığına sadiq qalmış və ata babalarından miras qalmış bu ənənəni yaşatmışlar. 4 dəfə öz dogma yurdlarından qovulsalarda, milli sənətkarlıq xüsusiyyətlərini, mədəni irslərini evlərdə qoruyub saxlaya biliblər. Qərbi Azərbaycanın Göyçə, Zəngəzur, Ağbaba, Pəmbək və Loru mahallarına aid rayon və kəndlərdə müxtəlif sənətkarlar tərəfindən toxunan 21 məşhur kompozisiyalı xalça və xalça məmulatı  ilk dəfə “Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız” adlı sərgidə nümayiş olunub. Sözügedən sənətkarlıq nümunələri doğma yurdlarından məcburi qaydada deportasiya edilmiş Qərbi Azərbaycanlıların  özləri ilə gətirdikləri, əziz, müqəddəs əşya kimi qoruduqları "Qasımuşağı”, "Ləmpə”, "Muğan”, "Qubadlı”, "Gəncə” və s. xalçalarıdır. Qərbi Azərbaycanda məşhur kompozisiyalar əsasında toxunulan bu nümunələrdə klassik ənənələrə söykənərək zəngin naxış və kolorit həllindən bəhrələnilib. Məsələn, Göyçə xalçaçılıq ocağında toxunan əksər xalça və gəbələrin ölçüsü 2 m x 5 m arasında dəyişilmiş, əsasən “Təbriz”, “Qarabağ”, “Zili”, “Şirvan”, “Qoç buynuzu”, “Pirəbədil”, “Heykəl”, “Nəlbəki”...çeşniləri toxunub, təbii rəhglərdən istifadə edilib. Qara qoyunun bel yunu qara, ağ qoyununku ağ, boz qoyunun yunundan boz rəng kimi istifadə olunub, palıd qabığından və gəzəl bitkisinin kökündən qəhvəyi rəng alıblar. Məşhur Sarıyer yaylaqlarının, Çalmalı dağının güllü-çiçəkli yamaclarının təbii naxışlarına uyğun xalça-gəbə ilmələrinin zərifliyi “gözoğurlayan” estetik mənzərə yaradıb.Və bu üsulla yaranan, yun-pambıq ipliklə toxunan (10 sm-də 48-50 ilmə olmaqla) xalça-gəbələrin təravəti/rəngi yüzilliklərlə estetik gözəlliyi qorunub-saxlanılıb,

Qərbi Azərbaycan ərazisində toxunan xalçaları sənətkarlıq imkanlarına, toxunma texnologiyasına, rəng-naxış kompozisiya həllinə görə, şərti olaraq mahallar üzrə aşağıdakı qruplara ayrılıb:

I qrup: Ağbaba, Şörəyel mahalları

II qrup:  Loru, Pəmbək mahalları

III qrup: Şəmşəddin mahalı

IV qrup: Göyçə mahalı

V qrup:  Gərnibasar, Vedibasar mahalları

VI qrup: Zəngibasar, Sərdarabad mahalları

VII qrup: Qırxbulaq, Əştərək mahalları

VIII qrup: Aparan, Dərəçiçək, Talın mahalları

IX qrup: Zəngəzur mahalı

X qrup:  Dərələyəz mahalı

XI qrup: İrəvan şəhəri

Azərbaycan xalçalarının İrəvan qrupu Azərbaycan mədəniyyətinin tərkib hissəsi olub, onun əsas sənətkarlıq xüsusiyyətlərini özündə əks etdirir. Tarixi Azərbaycan torpaqlarının bir hissəsi olan Qərbi Azərbaycanda yaradılmış xalçaçılıq nümunələri azərbaycanlıların Ermənistandan deportasiyasının başa çatdığı bir şəraitdə, onların məskunlaşdığı Azərbaycan Respublikası ərazisində davam etdirilir. Qərbi azərbaycanlıların tarixi ənənələri, o cümlədən xalçaçılıq sənətini layiqincə yaşatması onların dədə-baba torpaqlarına qayıtmaq arzusunun bir daha yenilməz təsdiqidir.

Məqalə hazırlanarkən bir sıra mənbələrdən “ Azərbaycan xalçaları İrəvan Qrupu”, “Azərbaycan xalça sənətinin inkişafı”, “Qərbi Azərbaycan xalçaları”, Azərbaycanda xalçaçılıq sənətinin tarixi kimi ədəbiyyat, araşdırma materiallarından istifadə olunub.

 

Yazı Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "İslahatçı Qadınlar və  İnnovasiyalar" İctimai Birliyinin həyata keçirdiyi "Qərbi Azərbaycanlıların beynəlxalq platformalarda hüquqlarının müdafiəsi”" layihəsi çərçivəsində hazırlanmışdır.
Yazının məzmununda əks olunan fikirlər və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər