“Müasir dünyada baş verən müharibələrdə texnologiyanın rolu çox böyükdür. Pilotsuz uçuş aparatları (PUA), süni intellekt, peyk sistemləri və yüksək dəqiqliklə atan silahlar döyüşlərin gedişinə ciddi təsir göstərir. Bu, həm itkilərin formasını dəyişir, həm də müharibəni daha uzaq məsafədən idarə olunan hala gətirir. Eyni zamanda, bu müharibələr çox vaxt regional çərçivədən çıxaraq qlobal təsir yaradır. Böyük dövlətlərin maraqları, beynəlxalq təşkilatların mövqeyi və enerji, iqtisadiyyat kimi amillər münaqişələrin miqyasını genişləndirir.
Bizim yaşadığımız regionda ABŞ–İsrail–İran xəttində ciddi gərginlik və qarşıdurma mövcuddur və bu, artıq real təsirlər yaradır. Ayrı-ayrı gərginliklər, lokal toqquşmalar, hava zərbələri və qarşıdurmalar barədə xəbərlər artıq bunun açıq müharibə olduğunu göstərir. Yaxın Şərqdə təhlükəsizlik mühiti destabilizə olunub. Qarşıdurma getdikcə daha geniş coğrafiyaya yayılır.
İranın Azərbaycanla coğrafi yaxınlığı səbəbindən orada baş verən hərbi və siyasi hadisələr birbaşa və dolayı şəkildə Azərbaycana təsir göstərir.
Əvvəla, təhlükəsizlik ön plana çıxır. Sərhədə yaxın ərazilərdə hərbi aktivliyin artması risk mühitini yüksəldir. Hava məkanında gərginlik, mümkün insidentlər və ya sərhəd boyunca hərbi hərəkətlilik Azərbaycan üçün əlavə təhlükəsizlik tədbirlərini zəruri edir.
İqtisadi təsirlər də qaçılmazdır. İranla ticarət əlaqələri, tranzit marşrutları və regional layihələr belə vəziyyətlərdə ya zəifləyir, ya da qeyri-sabit olur. Eyni zamanda, ümumi regionda gərginlik artdıqca investorların ehtiyatlı davranması Azərbaycan iqtisadiyyatına dolayı təsir göstərə bilər.
Digər mühüm məqam humanitar və sosial təsirlərdir. Münaqişə dərinləşərsə, sərhədyanı ərazilərdə əhali narahatlığı artır, potensial miqrasiya dalğaları yarana bilər. Bu isə dövlətin sosial və inzibati resurslarına əlavə yük yaradır.
Bundan əlavə, ekoloji risklər də nəzərə alınmalıdır. Hərbi zərbələr nəticəsində sənaye obyektlərinə ziyan dəyirsə, bu, transsərhəd çirklənmə riski yarada bilər ki, bu da Azərbaycanın ətraf mühitinə təsirsiz ötüşməz.
Nəhayət, Azərbaycan üçün ən həssas məsələlərdən biri balanslı xarici siyasəti qorumaqdır. Belə bir gərginlik fonunda həm qonşuluq münasibətlərini, həm də beynəlxalq tərəfdaşlıqları taraz saxlamaq daha çətin, lakin daha vacib olur.
Müharibəyə son qoymaq məqsədi daşıyan addımların atılması vacibdir. Çünki hər bir münaqişənin başlanğıcı olduğu kimi nəticənin nə olmasından asılı olmayaraq sonu da olur. Pakistan danışıqları ilk addımdır. Əsas məsələ tərəflərin real siyasi iradəsidir. ABŞ, İsrail və İran kimi aktorlar arasında isə bu etimad demək olar ki, minimum səviyyədədir. Əgər münaqişədə iştirak edən tərəflər öz strateji məqsədlərindən geri çəkilməyə hazır deyillərsə, danışıqlar çox vaxt sadəcə vaxt qazanmaq və ya beynəlxalq təzyiqi azaltmaq vasitəsinə çevrilir. Bununla belə, tarix göstərir ki, ən gərgin qarşıdurmalarda belə danışıqlar tam nəticəsiz olmur.
Müharibə həqiqətən də təkcə siyasi və hərbi hadisə deyil — o, insanların həyatı, ailələr və cəmiyyətlər üçün böyük faciədir. Müharibənin ağrısını nəzərə alaraq insanlar sülhə üstünlük verir. Amma real siyasətdə əsas sual belə olur: bu sülh nə dərəcədə ədalətli və davamlıdır? Əsas məqsəd sadəcə müharibəni dayandırmaq deyil, ədalətli və dayanıqlı sülh qurmaqdır. Yəni, zorakılığın dayanması, tərəflərin təhlükəsizliyinin təmin olunması, insanların hüquqlarının qorunması, gələcək münaqişələrin qarşısının alınması kimi.”
— Elmira Mehdiyeva, “Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyinin sədri






