"Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşları ilə bağlı Dövlət Komissiyası 1993-cü ildə baş vermiş müharibənin yaratdığı humanitar problemlərin həlli məqsədilə yaradılıb. Ümumiyyətlə, silahlı münaqişələr zamanı törədilmiş faktların araşdırılması və aradan qaldırılması üçün bir çox dövlətlərin qanunvericiliyində belə komissiyaların yaradılması zəruri hesab olunur. Çünki silahlı münaqişələr humanitar fəlakətlərə və müharibə cinayətlərinə səbəb olur. Dövlət Komissiyasında Xocalı soyqırımı və ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilmiş cinayət əməlləri ilə bağlı çoxsaylı sənəd və materiallar toplanıb. Bu materiallar bu gün də Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim olunur".
QHT.az xəbər verir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə “Qarabağ İtkin Ailələri” İctimai Birliyi tərəfindən “Xocalı Soyqırımı, itkin şəxslər: faktlar, sübutlar və humanitar məsuliyyət” mövzusunda keçirilən Dəyirmi Masada bildirib. Onun sözlərinə görə, 2002-ci ildə Azərbaycan Respublikasının o vaxt Milli Təhlükəsizlik Nazirliyi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə İstintaq-Əməliyyat Qrupu Dövlət Komissiyasının təşəbbüsü ilə yaradıldı. Xüsusilə vurğulamaq istəyirəm ki, həmin dövrdə Dövlət Komissiyasının sədri mərhum Mahir Abbasov idi və məhz onun təşəbbüsü ilə istintaq qrupu yaradıldı. Bu qərar çox mühüm addım oldu. İstintaq prosesi çərçivəsində çoxsaylı materiallar toplanaraq istintaq qrupuna təqdim edildi:
"Bundan əvvəl isə İşçi Qrupu olaraq əsirlikdən azad olunmuş vətəndaşlarımızın, xüsusilə Xocalı sakinlərinin həm yazılı, həm də şifahi ifadələri toplanmışdı. Böyük arxiv formalaşdırıldı və mən həmin prosesin iştirakçısı kimi qürur hissi keçirirəm. Vətən müharibəsindən sonra proses yeni mərhələyə keçdi. Separatçılar və cinayət törətmiş şəxslər saxlanıldı. Eyni zamanda Azərbaycanın beynəlxalq məhkəmələrə təqdim etməsi üçün zəruri materialların toplanması aktuallaşdı. Bu baxımdan bizim topladığımız arxiv mühüm mənbə rolunu oynadı və Baş Prokurorluğa təqdim edildi. Həmin materiallar əsasında filmlər çəkildi, kitablar yazıldı. Komissiyanın əsas vəzifəsi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində əsir və girov götürülmüş vətəndaşlarımızın azad olunması, döyüş bölgələrində qalmış hərbçilərimizin meyitlərinin çıxarılması və ailələrinə təhvil verilməsi, itkin düşmüş şəxslərin siyahıya alınması, məlumat bazasının yaradılması və onların taleyinin müəyyən olunmasıdır".
Eldar Səmədov həmçinin bildirib ki, 2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə əlavə vəzifə müəyyən olundu: Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilmiş cinayət əməllərinin toplanması, sistemləşdirilməsi və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması. Bu qərar uzaqgörən siyasi yanaşmanın nəticəsi idi. Çünki gələcəkdə müharibə cinayətlərinin həm yerli, həm də beynəlxalq məhkəmələrdə araşdırılacağı aydın idi:
"Bu istiqamətdə çoxsaylı filmlər çəkildi, “Erməni terroru” adlı kitab nəşr olundu, əsirlikdən azad edilmiş vətəndaşların ifadələrindən ibarət geniş toplular çap edildi və 12-dan artıq beynəlxalq dilə tərcümə olundu. Vətən müharibəsindən sonra cənab Prezident tərəfindən Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin müəyyən olunması qarşıya əsas vəzifə kimi qoyuldu. Prezident dəfələrlə vurğulayıb ki, sonuncu itkinin taleyi aydınlaşana qədər dövlət fəaliyyətini davam etdirməlidir. Hazırda Dövlət Komissiyasında 4004 itkin düşmüş şəxs qeydiyyatdadır. Onlardan 210 nəfəri Xocalı sakinidir. Müxtəlif mənbələrdə bu rəqəm 150 kimi göstərilsə də, bizim rəsmi siyahımızda 210 nəfər var və bu siyahını istənilən quruma təqdim edə bilərik".
O təəssüf bildirib ki, Vətən müharibəsinə qədər bəzi ailələr müxtəlif səbəblərdən Dövlət Komissiyasına müraciət etmirdilər. Onlar düşünürdülər ki, itkin statusu şəhid statusuna mane ola bilər. Halbuki “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi haqqında” qanunda açıq şəkildə qeyd olunur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və qanunvericiliklə itkin düşmüş hesab edilən şəxs də şəhid sayılır:
"Vətən müharibəsindən sonra yüzdən artıq yeni müraciət qeydə alınıb, onların bir qismi Xocalı sakinləridir. Bu günə qədər 210 itkin düşmüş şəxsin taleyi müəyyən olunaraq ailələrinə təhvil verilib. Onlardan son 17 nəfərin dəfn mərasimi dünən və bu gün keçirilir. Bu gün Xocalı sakini Əhmədova Zibeydə Bədəl qızının dəfn mərasimi baş tutacaq. 2024-cü ildə oğlu Fəxrəddin müraciət edərək anasının itkin düşdüyünü bildirdi. Müvafiq prosedurlar aparıldı, genetik nümunə götürüldü və qısa müddət ərzində onun taleyi müəyyən olundu. Bu proses Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Baş İdarəsinin nəzdində fəaliyyət göstərən və ISO beynəlxalq sertifikatına malik Genetik Araşdırmalar Mərkəzində həyata keçirilir. Bu laboratoriya cənab Prezidentin təşəbbüsü və ayrılmış vəsait hesabına yaradılıb və bu gün dünyanın qabaqcıl mərkəzləri ilə eyni səviyyədə fəaliyyət göstərir. Əgər həmin müraciət olmasaydı, tapılmış qalıqların kimə məxsus olduğu naməlum qala bilərdi. Bu səbəbdən vətəndaşların müraciəti və məlumat verməsi son dərəcə vacibdir".






