BİLİK DÜSTURU: TƏHSİL + TƏCRÜBƏ

Təhsil hər bir insanın bilik və bacarıqlarının formalaşmasında vacib şərtdir. Təlim-tərbiyə ocaqlarında məqsədyönlü və sistemli şəkildə əldə edilən biliklər cəmiyyət üzvünün fəal həyat mövqeyinin, düşüncə tərzinin zamanın, məkanın tələblərinə uyğun təşəkkül tapmasında mühüm rol oynayır. Uzun müddət ərzində mərhələli və nizamlı şəkildə təlim-tərbiyə almış fərd elmi nailiyyətlərə əsaslanan və cəmiyyətin yaşam tərzini müəyyənləşdirən bilikləri toplamış hesab edilir. Bu biliklər isə zaman və məkan çərçivəsində zənginləşib cilalanaraq şəxsiyyətin yetişdirilməsində başlıca amilə çevrilir.  

 

Fərdin yiyələndiyi biliklər şəxsiyyəti formalaşdıran informasiya toplusudur və ona əhatəsində olduğu sosial mühit adlanan ətraf aləm tərəfindən ötürülür. Müxtəlif məzmunlu məlumatlarla yüklənmiş şəxs informasiya toplusunun daşıyıcısına çevrilir, həmçinin fərdi inkişaf prosesində əqli və mənəvi xüsusiyyətləri ilə cəmiyyətə uyğunlaşır. Məqsədyönlü və sistemli şəkildə gerçəkləşən təlim-tərbiyə prosesi kütləvi səciyyəyə malik olsa da, bilik və bacarıqlar əldə edən şəxsin fərdi xüsusiyyətləri, böyüyüb başa çatdığı ailənin həyat tərzi, şəxsiyyət kimi formalaşdığı mühit, önəm verdiyi dəyərlər xüsusi rol oynayır. 

 

Bu barədə Hədisi-Qüdsidə deyilir: “Bir gün ailə 40 günlük uşağı Həzrət Məhəmməd Peyğəmbərin (s) yanına gətirib onun vətənə, xalqa, ailəsinə xeyirli övlad olması üçün düzgün tərbiyəsi ilə bağlı məsləhət almaq istəyirlər. Peyğəmbərimiz (s.) isə “aparın bu uşağı, artıq gecdir” deyir. Çünki informasiyanın fərdə ötürülməsi onun ana bətnində formalaşması dövründən başlayır. Bu fərdin ilkin bilikləri qazandığı zaman kəsiyidir. Sonrakı mərhələdə dünyaya göz açmış körpə onu əhatə edən ətraf mühitlə bağlı informasiyanı hissiyyat orqanları vasitəsilə əldə edir. Pedaqogika elmi şəxsiyyətin yetişməsi üçün 3 amilin müstəsna rol oynadığını təsdiqləyir: zaman, məkan və irsiyyət! Bu barədə geniş söhbət açmaq olar, lakin hazırda bizi düşündürən fərdin bilik qazanmasında onun təhsili və təcrübəsinin nə dərəcədə əhəmiyyətli olduğunu aşkarlamaqdır. 

 

Təhsil alan fərd mənimsədiyi ilkin nəzəri bilikləri təcrübədə sınaqdan çıxarıb tətbiq etdiyi halda cəmiyyət tərəfindən bilikli və bacarıqlı şəxsiyyət kimi qəbul edilir. Təhsil və təcrübə dövründə ilkin biliklərin bu və ya digər sahəyə istiqamətlənməsi hər bir insanın şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edir. 

Dahilərdən birinin söylədiyi fikrə diqqət yetirək: fərz edin ki, sizin övladınız əslində gələcəyin məşhur pianoçusu ola bilər, amma evinizdə piano yoxdur, ətrafınızda da incəsənətin bu sahəsi üzrə məşğul olan bir kimsə yoxdur. Bu o deməkdir ki, sizin ailədə boya-başa çatan gənc gələcəyin dahi pianoçusu ola bilməyəcək və heç kim onun istedadına heyran olmayacaq. Bu, “kor” mühitin övladınızın gələcək təhsilinin istiqamətlənməsini istisna etməsi, sabahın istedadlı sənətkarının istək və arzularını yerindəcə boşmasıdır. 

 

Bu dünyaya göz açan hər bir şəxs müəyyən bir sahədə istedad sahibi, peşəkar mütəxəssis və bəlkə də dahi ola bilər. Mühüm olan isə onun hansı sahəyə marağının olması və bu sahəyə istiqamətlənməsidir. Dünyanın həyatda uğur qazanmış dahi şəxsiyyətlərdən nə cür uğur qazandıqlarını soruşsaq, onların cavabı, çox güman, belə olacaq: “bildiyim işin dalınca getdim”. Təhsildə buna ixtisaslaşma deyilir. Təhsil müəssisələrində ixtisaslara istiqamətlənmə 9-cu sinifdən sonrakı mərhələyə aid edilir. Əksər ölkələrdə, həmçinin Azərbaycanda, bu fəaliyyət göstərən liseylər, texniki-peşə məktəbləri məhz istiqamətlənməni nəzərdə tutan təhsil ocaqlarıdır. Onların əsas məqsədi müəyyən istiqamətdə peşəkar mütəxəssis yetişdirməkdir. 

 

Təhsildə əldə edilən bilik təcrübədə bacarıqların təşəkkül tapmasını təmin edir. İlkin biliklərin təcrübədə tətbiqi və nəticədə daha əhatəli və dərin biliklərin qazanılması ilə bağlı həyat hekayələrinin birində deyilir: 

 

“Yaşlı qılınc ustası emalatxanasının bir küncündə oturub xəyallara dalmışdı ki, içəri gənc bir döyüşçü girir. Ustaya yaxınlaşıb salam verdikdən sonra əlində tutduğu əyilmiş qılıncı göstərərək "Sonuncu savaşımız çox ağır oldu" – deyib əlindəki qılıncı göstərdi: "Bu qılıncı düzəldə bilərsənmi?" 

Usta qılıncı əlinə alıb diqqətlə nəzərdən keçirir. Üzünü döyüşçüyə tutub deyir: "Bu iş böyük ustalıq tələb edir. Üstəlik, həm çox bahalı, həm də təhlükəli işdir. Əgər razısansa, başlaya bilərəm". Döyüşçü "Hər şeyə razıyam, təki qılıncım əvvəlki kimi olsun" - deyə cavab verir. Usta qılıncı zindanın üstünə qoyur və ona üç zərbə endirir. Döyüşçü hələ nə baş verdiyini dərk etməmiş, usta qılıncı ona uzadır. Qılıncı təəccüblə əlinə alan döyüşçü onu bir-iki dəfə əlində oynatdıqdan sonra üzünə xəfif bir təbəssüm qonur. Qılınc əvvəlkindən də mükəmməl idi. 

Nəhayət, döyüşçü: "Borcum nə qədərdir?" - deyə soruşur. Usta çox düşünmədən "İyirmi qızıl", - deyə cavab verir. Döyüşçü yerindəcə donub qalır, sonra təəccüb qarışıq bir ifadə ilə: "Usta, üç zərbə üçün bu çox deyilmi?" - deyə soruşur - "Bunu elə mən də bacararam". 

 

Usta dinmədən qılıncı döyüşçüdən alır, yenidən zindanın üstünə qoyub üç zərbə ilə əvvəlki vəziyyətinə qaytarır. Qılıncı döyüşçüyə uzadıb: "Elə isə buyur, başla", - deyir. Döyüşçü qəzəblə qılıncı ustadan alıb qalib bir əda ilə zindanın üstünə qoyur. Qılınca dalbadal üç zərbə vurur. Amma sonuncu zərbədən sonra qılınc qəflətən iki yerə bölünür. Atasından miras qalan qılıncın ortadan bölündüyünü görən döyüşçü çarəsiz baxışlarını ustaya dikir. O isə heç nə olmayıbmış kimi, halını pozmadan, soyuqqanlıqla deyir: "Əslində mənim səndən tələb etdiyim məbləğ üç zərbə üçün yox, otuz illik təcrübə üçün idi". 

Bu ibrətamiz həyat hekayəsində peşəyə yiyələnmək üçün qazanılmış ilkin biliklərin inkişaf etdirilərək təcrübəyə çevrilməsindən bəhs olunur. İstənilən sahəyə maraq, diqqət və sevgi ilə könül verən, ömrünün illərini bu sahəyə həsr edən şəxs yalnız peşə sirrlərinə yiyələnmiş şəxs hesab olunmur, həm də bildiklərini təcrübədə cilalamış bilikli şəxs kimi tanınır. 

 

Təhsil və təcrübə biliklərin etibarlı mənbəyidir. Nisbilik nəzəriyyəsinin banisi, dahi şəxsiyyət Albert Eynşteynin bir kəlamı var: “Təmiz halda informasiya bilik deyildir, əsl bilik mənbəyi – təcrübədir”. İnsanın düşüncəsi və təcrübəsi daim qarşılıqlı əlaqədədir. Bir tərəfdən, zehni fəaliyyətin nəticələri müəyyən bir şəkildə təcrübədə tətbiq olunur və bu müddətdə fikirlə reallıq arasında uyğunluq yoxlanılır (baxmayaraq ki, bu uyğunluğu təyin etmə metodları çox mürəkkəb ola bilər). Digər tərəfdən, təcrübənin özü düşüncənin zənginləşməsinə, biliklərin dərinləşməsinə gətirib çıxarır.

Bir həqiqəti dərk etməliyik: bilik – insanın sahib ola biləcəyi sərvətdir. Onu təbiətin yaratdığı bütün canlılardan fərqləndirən bu sərvətə malik olmaq üçün təhsil almaq və təcrübə qazanmaq mütləq şərtdir. Əks halda təhsil almaq mənasız, təcrübə qazanmaq gərəksiz olur. Görkəmli alim G.Hegelin söylədiyi kimi – “Bilik təhsil almaqda deyil, bildiklərini tam dərk etməkdə və bacarıqla tətbiq etməkdədir”.

Təhsildən təcrübəyə heç də hamar olmayan bir yol uzanır. Fərqli addımlarla gedilsə də, son nəticədə bu yol hər bir kəsi bilik dərgahına aparır. Qoy bu yolumuz nurlu və uğurlu olsun!  

 

Könül Quliyeva,

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyin sədri