Müşfiq Ələsgərli: "QHT.az xəbər portalı institutlaşmağı bacarmış media subyektidir"
Mətbuat Şurası İdarə Heyətinin üzvü və media eksperti Müşfiq Ələsgərli QHT.az saytının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə, platformanın peşəkarlığını və ölkənin vətəndaş cəmiyyəti institutlarını işıqlandırmadakı rolunu vurğulayaraq, saytın institutlaşmağı bacarmış əhəmiyyətli media subyekti olduğunu qeyd edib:
"QHT.az saytı daimi olaraq izlədiyim media subyektlərindəndir. O, vətəndaş cəmiyyəti institutları, III sektor barədə sistemli və peşəkar xəbər təqdim edən mənblərdən biridir. Sayt təkcə gündəlik xəbərlər deyil, həm də araşdırma yazıları, analitik materiallar təqdim edir. Yəni, III sektor üzrə həm məlumatlandırma, həm də maarifləndirmə missiyasını yerinə yetirir ki, bu da peşəkarlığın göstəricisidir. QHT.az xəbər portalı 10 illik fəaliyyəti dövründə institutlaşmağı bacarmış media subyektidir. Nəzərə almaq lazımdır ki, ölkədə media subyektlərinin böyük qismi məzmun baxımından ictimai-siyasi yönümlüdür. Mövzu və auditoriya ümumiliyi, təqdimatda təkrarçılıq qabarıq şəkildə görünür. Qeyd edilən sindromun qırılması baxımından tematik media subyektləri ciddi əhəmiyyət daşıyırlar. Tematik media subyektləri içində QHT.az saytının fəaliyyəti xüsusi diqqət çəkir. O, Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatrları barədə peşəkar xəbər yayıcısı rolunda çıxış edən az saylı media subyektlərindən biridir.
Redaksiyasının kollektivinə və rəhbərliyinə uğurlar arzulayıram. Fəaliyyətlərinin davamlı olmasını diləyirəm".