"Mənə işıq göstər" layihəsi çərçivəsində ilk onlayn mentorluq görüşü həyata keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Üçüncü Bahar” İctimai Birliyi tərəfindən icra olunan “Mənə İşıq Göstər” layihəsi çərçivəsində ilk onlayn mentorluq görüşü baş tutub.

QHT.az xəbər verir ki, mentorluq proqramının məqsədi bölgələrdə fəaliyyət göstərəcək yaşlı təlimçilərin maarifləndirmə bacarıqlarını gücləndirmək, onların biliklərini praktik müstəvidə dəstəkləmək və qarşılaşacaqları çətinliklərə yönəlik individual müşahidə və tövsiyələr təqdim etməkdir.

Görüş zamanı təlimçilər, layihə rəhbəri və ekspertlər bir araya gələrək erkən nikahlarla bağlı mesajların auditoriyaya hansı formada ötürülməsinin daha təsirli ola biləcəyi, çətin suallara necə cavab vermək, stereotiplərlə necə işləmək kimi mövzuları müzakirə ediblər. Həmçinin təlimçilər öz rayonlarında keçiriləcək görüşlərə hazırlıq məqsədilə fikir mübadiləsi aparıb, qarşılıqlı dəstək və motivasiya mühiti formalaşdırıblar.

Onlayn formatda keçirilən bu mentorluq görüşləri layihə boyunca davam edərək bölgələrdə aparılacaq maarifləndirici işlərin keyfiyyətinə dəstək verməyi hədəfləyir.