Azərbaycanda oğlan tələbələrin sayı azalır: Təhsil eksperti səbəbləri AÇIQLADI
Azərbaycanda son illər ərzində qadınların təhsilə olan marağının artdığı və ali təhsil müəssisələrinə qəbulda bu meyilin artdığı müşahidə edilir.
Lakin bəzi məlumatlara əsasən, oğlan tələbələrin sayı azalmaqdadır. Bəs bu azalma nə ilə əlaqədardır və bu vəziyyətin gələcəkdə sosial və təhsil sahəsindəki təsirləri nə ola bilər? Bu məsələdə hansı addımlar atıla bilər?
QHT.az məsələ ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənlidən açıqlama alıb. Onun sözlərinə görə, məsələ çox aktual və eyni zamanda çoxşaxəlidir:
"Doğrudur, son illərdə Azərbaycanda qadınların təhsilə marağında nəzərəçarpacaq artım müşahidə olunur. Xüsusilə də ali təhsil pilləsinə qəbul göstəricilərində qızların üstünlük təşkil etməsi statistik rəqəmlərlə də təsdiqlənir. Bu, cəmiyyətin maariflənməsi, qadınların ictimai həyatda daha fəal rola sahib olmaq istəyi, valideynlərin qız övladlarının təhsilinə əvvəlki dövrlərlə müqayisədə daha çox önəm verməsi ilə bağlıdır və bu, təqdirəlayiqdir. Lakin paralel olaraq oğlanların sayında müşahidə olunan azalma narahatedici bir tendensiyadır və bu, sadəcə bir statistik dəyişiklik deyil, həm də sosial və iqtisadi kontekstli bir problemdir".
Təhsil eksperti həmçinin bildirib ki, oğlanların ali təhsilə marağının azalması bir neçə səbəblə bağlı ola bilər:
"Birincisi, bəzi ailələrdə oğlan övladlarına hələ də “ailənin çörək qazananı” kimi baxılması və erkən yaşdan əmək bazarına qoşulmalarının təşviq edilməsi. Xüsusilə kənd və bölgə yerlərində bu hallar daha çox müşahidə edilir. İkincisi, ali məktəbə qəbul ola bilməyən gənclər hərbi xidmətə çağırıldıqdan sonra təhsilə maraqları zəifləyir və ya xidmət müddətindən sonra ailə qayğıları səbəbilə təhsilə qayıtmaqda çətinlik çəkirlər. Üçüncü səbəb kimi isə, bəzi hallarda oğlanların məktəb və təhsil mühitində motivasiyasız olması, təlim-tərbiyə prosesində diqqət çatışmazlığı, gender yanaşmasının düzgün qurulmaması və onların potensialına uyğun dəstək sistemlərinin zəifliyi qeyd oluna bilər".
Ardı var...
Pərvanə Fərhadqızı
QHT.az