"İnsan alverinə qarşı sosial mediada sayıqlılığın artırılması" layihəsi çərçivəsində tədbir keçirildi - FOTOLAR

Bu gün “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “İnsan alverinə qarşı sosial mediada sayıqlılığın artırılması” layihəsinin icra planına uyğun olaraq növbəti tədbirini keçirib.


QHT.az xəbər verir ki, tədbirin giriş sözü ilə açan “Ailə Dünyası” İctimai Birliyinin sədri Gülayə Səfərova bildirib layihənin əsas məqsədi insan alverinə qarşı mübarizədə media qurumlarının, sosial şəbəkə fəallarının, dövlət strukturlarının və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyətini gücləndirmək, bu sahədə ictimai diqqəti artırmaq və profilaktik tədbirlərin səmərəliliyini yüksəltmək olub.
 O qeyd edib ki, sosial media alətlərindən düzgün və məqsədyönlü istifadə insan alverinə qarşı mübarizədə ictimai müdafiənin gücləndirilməsi baxımından olduqca vacibdir.

 

Tədbirdə Bakı şəhər BPİ İcTİ-nin baş inspektoru, polis polkovniki-leytenantı Kəmalə xanım Ələkbərov, DİN-nin İnsan Alverinə Qaşı Mübarizə Baş İdarəsinin əməkdaşı Ibrahim Əhmədov  çıxış edərək dövlət strukturlarının bu sahədə gördüyü tədbirlər, qanunvericilik və profilaktik mexanizmlər barədə iştirakçıları məlumatlandırıblar.
 

Müzakirələrdə QHT rəhbərləri – Bahar Qasımova, Ramiz Əliyev, Anar Xəlilov, Mehriban Abdullayeva, Rüxsarə Axundova, Qəmzə Yusifova, Vüsalə Hüseynova və QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə çıxış edərək, insan alverinə qarşı effektiv mübarizənin yalnız koordinasiyalı və davamlı əməkdaşlıqla mümkün olduğunu vurğulayıblar. Onlar, xüsusilə, maarifləndirmə, ictimai nəzarət, mediada düzgün məlumatlandırma və sosial şəbəkələrdə kampaniyaların keçirilməsinin vacibliyini önə çəkiblər.
 

Tədbirin sonunda layihə çərçivəsində hazırlanmış “Bir addım, bir həyat” adlı maarifləndirici videoçarx nümayiş etdirilib. Videoçarx iştirakçılar tərəfindən maraqla qarşılanıb və layihənin məqsədlərinə töhfə verəcək təsirli vasitə kimi dəyərləndirilib.