Təhsil eksperti: "Nəşriyyat fəaliyyəti təhsilin ticarət vasitəsinə çevrilməsinə səbəb olur"
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli təhsildə nəşriyyatın problemlərindən danışarkən bildirib ki, son illərdə təhsillə bağlı nəşriyyat fəaliyyəti genişlənib, amma bu prosesin arxasında kommersiya maraqları dayanır.
QHT.az xəbər verir ki, o, müəllimlərin kitab yazaraq şagirdlərə aldırmaq tendensiyasının yayılmasını vurğulayıb və şagirdlərin məcburən bu kitabları almasının təhsilin deyil, ticarətin vasitəsinə çevrildiyini qeyd edib.
"Bu prosesin nəzarətsiz olması ümumi təhsil mühitinə mənfi təsir göstərir, çünki əlavə vəsaitlər heç bir ciddi ekspertizadan keçirilmir. Əgər bu davam edərsə, müəllimlər pedaqoji nüfuzdan satış menecerinə çevriləcək və şagirdlər yalnız kitab yığan alıcılara çevriləcək. Təhsil sistemini bu məsələyə diqqət yetirməyə və kitab bazarına ictimai və hüquqi nəzarət mexanizmlərini gücləndirməyə çağırıram".
Pərvanə Fərhadqızı