Sirləri özü ilə qəbirə aparan alim
Tarixin müxtəlif dönəmlərində o cümlədən XX əsrdə Azərbaycan xalqına qarşı mənəvi terror aktları həyata keçirilib. Repressiya dövrünü tədqiq edərkən incidilmiş bir çox böyük şəxsiyyətlərlə bağlı maraq doğuran məlumatlarla tanış olurdum.
Onlardan biri Gülhüseyn Hüseynoğludur. Bu gün doğum günündə Azərbaycanın ilk dissidentlərindən biri olan Gülhüseyn müəllimi ehtiramla anırıq.
BDU-da mənim də müəllimim olan Gülhüseyn Hüseynoğlu yaddaşımızda ləyaqətli insan kimi qalıb.
Ədəbiyyat tarixində özünəməxsus həyat və yaradıcılıq üslubu ilə seçilən Gülhüseyn müəllim 1923-cü ildə Masallı rayonunun Mollaoba kəndində doğulub. Antisovet “İldırım” təşkilatı – 1942-ci ildə sovet rejimi ilə mübarizə aparmaq və Azərbaycanın müstəqilliyini əldə etmək üçün qurulmuşdu. Məqsədləri Azərbaycanı Sovetlər Birliyindən ayırmaq, Azərbaycanın müstəqilliyini əldə etmək, 1937-1938-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq, Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq idi. Təşkilat daxilində yeganə yazıçı olan Gülhüseyn Hüseynoğlu xalq içində təbliğat işi aparmalı idi. Sonralar təşkilat üzvləri qərara gəlirlər ki, o zamanın öndə gedən sovet şairi Səməd Vurğuna azərbaycanlı olduğunu əsas götürərək məktub yazıb dəstək istəsinlər. G.Hüseynoğlunun diktəsilə İsmixan Rəhimov çap hərflərinə bənzər bir xətlə məktub yazır.
1945-ci ildə G.Hüseynoğlunu və digərlərini həbs edirlər. Ali Məhkəmənin qərarı ilə onlardan üçünə (İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu, Hacı Zeynalov) güllələnmə cəzası verilir. O illərdə güllələnmə hökmü müvəqqəti götürüldüyündən hökm 25 il həbslə əvəzlənir.
Digərləri isə 10 il həbs cəzasına məhkum edilirlər. Gülhüseyn Hüseynoğlu həmin üç nəfərdən biri kimi Sibirə sürgün edilir. Apardığı azadlıq hərəkatına görə, Tayşet və Bodaybo arasında 7 il ağac kəsməyə məhkum olunur. Nəhayət, Stalin öləndən sonra bir çox məsələlər kimi, bu işə də yenidən baxmağa qərar verilir və 1955-ci ilin mayında “İldırım”çılar evlərinə qayıdırlar.
İlk dissidentlərdən biri olan Gülhüseyn Hüseynoğlu ilə BDU-da təhsil aldığım dövrdə bu mövzularla bağlı söhbət etməyə cəhd göstərsəm də, Gülhüseyn müəllim bu barədə heç bir şey danışmayacağını bildirmişdi.
Hətta tanınmış tədqiqatçı Aslan Kənan qeyd edir ki, mən dəfələrlə Gülhüseyn müəllimlə görüşüb repressiya tarixini, bəzi gizli məqamlarını öyrənməyə cəhd etdim. Hətta bir dəfə kiçik diktafon tapdım. İstəyirdim onunla səmimi söhbət edim, bütün bildiklərini gizli də olsa, diktafona yazım. Azərbaycan Milli Elmlər Akademiyası binasının qarşısındakı parkda görüşdük. Sanki Gülhüseyn müəllim hiss etmişdi. Mən onu çox söhbətə tutdum ki, bizim bilmədiklərimizi danışsın. O, qəti şəkildə repressiya ilə bağlı heç bir şey danışmayacağını bildirdi. Elə bil onda sovet KQB-sinin, o dövrün qorxusu, xofu vardı. Əlqərəz, Gülhüseyn Hüseynoğlu bir çox sirləri özü ilə qəbirə apardı...
Əkrəm Bəydəmirli
Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri