"ECO Zirvə Görüşü Azərbaycanın regional liderliyini bir daha nümayiş etdirdi" - QHT sədri
Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva 2025-ci il 3-4 iyul tarixlərində azad Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə Görüşü ilə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, bu tədbir Azərbaycanın beynəlxalq nüfuzunun və regional liderlik rolunun daha da gücləndiyini bir daha sübut edir:
" Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışı Azərbaycanın iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik sahələrində artan strateji əhəmiyyətini və təşkilatla əməkdaşlığa verdiyi prioriteti nümayiş etdirir.
Azərbaycan ECO-nun təsisçilərindən biri kimi, qurumun məqsədlərinə – üzv ölkələr arasında ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi, nəqliyyat marşrutlarının inkişaf etdirilməsi və enerji əməkdaşlığının dərinləşdirilməsində daim priaritet olub. Azərbaycan Orta Asiya, Yaxın Şərq və Cənubi Qafqazı birləşdirən mühüm nəqliyyat və logistika mərkəzi kimi ECO-nun əsas məqsədlərinə töhfə verir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Zəngəzur dəhlizi kimi layihələr üzv ölkələr arasında iqtisadi əlaqələrin möhkəmlənməsi üçün infrastruktur bazasını formalaşdırır. Zirvə görüşündə Prezident İlham Əliyev Azərbaycanın “yaşıl enerji”, logistik infrastruktur və bərpa olunan enerji sahələrində atdığı addımları, eləcə də Zəngəzur dəhlizinin açılması ilə bağlı çağırışları ilə çıxış etdi. Bu, Azərbaycanın yalnız regionda deyil, daha geniş coğrafiyada mühüm tranzit və enerji mərkəzinə çevrilmək yolunda olduğunu göstərir."
Xatirə Vəliyeva əlavə edib ki, ölkəmizin beynəlxalq platformalarda nümayiş etdirdiyi prinsipial və balanslı mövqe — xüsusilə sülhə, qarşılıqlı hörmətə və ərazi bütövlüyünə əsaslanan siyasəti — həm regional, həm də qlobal səviyyədə yüksək dəyərləndirilir:
"Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzu təkcə iqtisadi göstəricilərlə deyil, həm də diplomatik fəallığı ilə ölçülür. Son illərdə ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi, BMT və digər beynəlxalq platformalarda prinsipial və balanslı siyasəti diqqət çəkir. Azərbaycanın beynəlxalq platformalarda sülhə, qarşılıqlı hörmətə və ərazi bütövlüyünə əsaslanan siyasəti həm qlobal Cənub ölkələri, həm də Avropa və Asiya dövlətləri tərəfindən müsbət qarşılanır. Xüsusilə, ölkəmizin COP29-a ev sahibliyi etməsi ilə bağlı təcrübəsi və təşəbbüsləri, yaşıl enerji sahəsində ECO üzvləri arasında daha sıx əməkdaşlıq üçün nümunə ola bilər. Belə tədbirlər təkcə siyasi-diplomatik nüfuz deyil, eyni zamanda iqtisadi əməkdaşlıq və investisiya cəlbediciliyi baxımından da yeni imkanlar yaradır. Azərbaycanın yaşıl enerji zonaları yaratmaq planı (xüsusilə Qarabağ və Şərqi Zəngəzurda) digər üzv ölkələr üçün bir model funksiyasını daşıya bilər. ECO-nun 17-ci Zirvə Görüşü Azərbaycanın regional və qlobal siyasətdə yüksələn xətt üzrə irəlilədiyini, əməkdaşlıq və tərəfdaşlıq platformalarında mühüm rol oynadığını nümayiş etdirir.Azərbaycanın məqsədyönlü siyasəti, nəqliyyat və enerji layihələrində təşəbbüskarlığı və beynəlxalq platformalarda sülhə çağırışları ölkəmizi XXI əsrin mühüm strateji oyunçularından birinə çevirir. Bu mövqenin möhkəmləndirilməsi isə regionun sabitliyi və inkişafı üçün açar rol oynayır. ECO-nun gələcək inkişafında Azərbaycanın fəallığı həm təşkilatın özünün effektivliyini artıracaq, həm də regionda sabit və dayanıqlı gələcəyin qurulmasına xidmət edəcək".
Pərvanə Fərhadqızı