“Kənan heç vaxt geri çəkilmədi, son anadək döyüşdü” — mayor Emil Kərimov
2020-ci il Vətən Müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Bu şanlı zəfərdə xüsusi qəhrəmanlıq göstərən zabitlərimizdən biri də kapitan Kənan İsrafilov idi. O, Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Onunla birgə xidmət etmiş, silahdaşı və yaxın dostu mayor Emil Kərimov Kənanı necə xatırladığını, onun xarakterini və döyüş yolunu QHT.az-la bölüşdü.
— Emil müəllim Kənan İsrafilovla ilk tanışlığınız necə olmuşdu? Onun komandir kimi fəaliyyətindən nə xatırlayırsınız?
Biz Kənanla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dost olmuşuq, daha sonra Murovdağda birlikdə xidmət etmişik. Uşaqlıqdan vətənə bağlı bir insan idi. Heç vaxt arxaya baxmazdı. Daim öndə olardı — həm xidmətdə, həm düşüncədə. O, təkcə silahdaş deyil, qardaş qədər yaxın biri idi mənim üçün. Kənan 2013-2018-ci illərdə Murovdağda komandir kimi xidmət göstərdi. Dağ şəraitində, çətin iqlim və fiziki şərtlərdə belə daim əsgərlərinin yanında idi. Heç vaxt təkbaşına qərar verməzdi, əsgərlərinə güvənərdi. 2018-dən etibarən qərargah rəisi kimi fəaliyyətini davam etdirdi, sonra isə tabor komandiri oldu. Hər addımında məsuliyyət, prinsipiallıq və döyüş ruhu vardı. O, hərbi liderliyin əsl nümunəsi idi.
— Vətən Müharibəsində onun iştirakını necə xatırlayırsınız?
Kənan 2020-ci ilin iyununda Goranboyun Aşağı Ağcakənd qəsəbəsində tabor komandiri idi. Müharibə başladığı gündən ön cəbhədə idi. Füzuli, Cəbrayıl və Suqovuşan uğrunda gedən döyüşlərdə bir an belə geri çəkilmədi. O, döyüşü masa arxasında deyil, səngərdə, ön sırada aparırdı. Əsgərlərinə motivasiya verirdi, nümunə göstərirdi. 5 oktyabr 2020-ci il... həmin gün Kənan şəhid oldu. Bu xəbər mənim üçün həyatımın ən ağır zərbəsi idi.
Sözlə ifadə etmək çətindir. Kənan həm dost, həm də ruhdaş idi. Onun şəhidliyi yalnız bir ailənin deyil, bütöv millətin itkisi oldu. Amma bir tərəfdən də qürurluyam. Çünki o, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını verən qəhrəmanlardan biridir. Adı bu torpağın azadlığına yazıldı.
— Sonda nə demək istərdiniz?
Gənclər Kənanı tanımalıdır. O, yalnız orden-medallarla ölçülən biri deyildi. Onun əzmi, inamı, komandirlik nümunəsi, vətənə sevgisi bu günümüzün və sabahımızın gənclərinə örnək olmalıdır. Kənan İsrafilovun adı qəhrəmanlıq rəmzidir. Onun izi bu xalqın yaddaşında silinməzdir. Kənanın ruhu qarşısında baş əyirəm. Onun ailəsinə, valideynlərinə sonsuz təşəkkür və ehtiramımı bildirirəm. Onun kimi qəhrəmanları unutmaq olmaz. Biz yaşadıqca, Kənan da yaşayacaq. Kənan İsrafilov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları və III dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub. O, bu torpağın azadlığı uğrunda şəhid olmuş qəhrəman övladlarımızdan biridir.
Pərvanə Fərhadqızı
QHT.az