Elməddin Behbud: Çoxmillətli ölkənin terrorçu funksiyasını üzərinə götürməsi qonşuluq baxımından yaxşı heç nə vəd etmir
“Rusiyanın Azərbaycana qarşı hazırkı aqressiv və təxribatçı hərəkətləri fonunda Tatarıstan dövlətinin rəisi Rüstəm Minnixanovun Türkiyəyə səfər etməsi və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü təsadüfə bənzəmir. Rusiyanın pərdəarxası tələblərinin reallaşmamasından sonra bütün ölkəboyu azərbaycanlı vətəndaşlara və miqrant soydaşlarımıza qarşı hüquq-mühafizə orqanları vasitəsi ilə terrora başlaması daha təhlükəli təhdidlərin qapıda olduğunu göstərir”.
QHT.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin (DANİB) sədri, siyasi analitik Elməddin Behbud söyləyib. Onun sözlərinə görə, bu, yenilik deyil. Siyasi analitik bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi 34 il ərzində çoxsaylı qeyri-dost geosiyasi konfiqurasiyalara və təhlükələrə qarşı dirəniş göstərib. Açıq və gizli planda böyük itkilər, qurbanlar verib:
“Azərbaycan dünyada dondurulmuş münaqişələr tarixində presedent yaradaraq ərazi bütövlüyünü bərpa etməyə nail olan yeganə dövlətdir. Eyni zamanda ölkəmiz quzeydən və güneydən, həmçinin batıdan gələn bütün təzyiq və təhdidlərə sinə gərərək regional aktor kimi enerji və nəqliyyat dəhlizlərində də açar rola sahiblənib. Avrasiyanın kəsişmə nöqtəsində son dərəcə strateji coğrafi və siyasi mövqedə yerləşən Azərbaycan Respublikası olmadan istər Orta Dəhliz, istərsə də “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin reallaşdırılması mümkünsüz görünür. Ölkəmiz “yaşıl enerji”yə keçidlə də bağlı ən effektiv konseptə uyğun fəaliyyət planını gerçəkləşdirməyə başlayıb. Azərbaycan, Türkiyə və Pakistan formatında ticarət, nəqliyyat, enerji, müdafiə sənayesi kimi məsələlərdə birgə inkişafa nail olmaq üçün davamlı olaraq üçtərəfli görüşlər keçirilir və bu iş birliyi hazırda institusionallaşdırılmağa doğru yönəlib. Müdafiə sahəsindəki əməkdaşlığın dərinləşdirilməsinə Azərbaycanın milli təhlükəsizliyinin təminatı baxımından xüsusi ilə böyük əhəmiyyət verir. Türk Dövlətləri Təşkilatının gücləndirilməsi isə Azərbaycan dövlətinin əsas və dəyişməz siyasi prioritetləri sırasındadır.
Rusiya isə hər zaman tələb edir. Özü də qeyri-adekvat formada, həm də qarşılıqsız. Azərbaycanlılara qarşı bu günlərdə Rusiyada törədilən bu vəhşi hadisə əslində heç də təəccüb doğurmur. Çünki Rusiya adətən ənənəvi metodla siyasi xəttindən narazı qaldığı dövlətin onun ərazisində yaşayan və işləyən vətəndaşlarını təzyiq altında saxlayır, həmin ölkədən gələn məhsullarda "sağlamlıq üçün böyük təhlükə törədən viruslar taparaq" sərhəddən geri qaytarır, bir çox hallarda isə belə ölkələrin xalqlarından olan şəxslərə qarşı kütləvi həbslər və işgəncələr tətbiq etməklə varlığını ifadə edir. Bu dəfə isə acıqlarını daha vandal formada - insanları qətlə yetirməklə çıxıblar. Bu, insanlıq əleyhinə cinayət faktıdır. Çoxmillətli ölkənin avantürist siyasi yanaşma ilə terrorçu funksiyasını üzərinə götürməsi qonşuluq münasibətləri baxımından tərəflərə yaxşı heç nə vəd etmir. Azərbaycan dövləti isə xarici siyasətini İkinci Qarabağ savaşında qazandığı Zəfərin yaratdığı yeni siyasi şəraitin çağırışlarına uyğun qurur. Rəsmi Bakı indi daha güclü, müttəfiqləri ilə birgə dünyada yeni geosiyasi konfiqurasiyaların yaradıcısı rolunda çıxış etməyə başlayıb. Bu isə imperiyanı bərk qəzəbləndirir. Biz ən çətin dövrlərdə belə imperiyanı seçməmişik... Hətta müstəqilliyimizi təhdid edən güclərin ölkəmizə qarşı həlledici təsirə malik olduğu zamanlarda belə.
Əgər rəsmi Moskva indiki güclü Azərbaycanı imperiyaya xidmətçi rolunda görürsə deməli, həqiqətən də Kreml başını itirib. Biz müstəqil və sağlam, mərkəzində Türk faktorunun dayandığı gələcəyi, davamlı inkişafı seçmişik. İmperiya yırtıcıdır, aqressivdir. Amma rəqibsiz və əbədi olaraq qalib və diktəedən deyil. Biz bu tezisi bir neçə dəfə praktik olaraq sübut etmişik. İnanıram ki, imperiya yenə və daha fərqli məzmun və formada buna şahidlik etməyə məcbur olacaq. Azərbaycan uğrunda canından on minlərlə türkün keçdiyi müstəqil və qüdrətli dövlətdir. Bu mərhələni də alnıaçıq şəkildə aşıb keçəcəyik. Hamımız “Dəmir yumruq” kimiyik və dövlətimizləyik!”.