Quba rayonunun Qımılqazma və Qəçrəş kəndlərində tədbir keçirilib - FOTOLAR

Füsünkar təbiətə malik olan Quba rayonu ölkəmizin şimal-şərqində, Quba-Xaçmaz iqtisadi rayonunun tərkibində yerləşir. Rayon Qafqazın şimal-şərqində yerləşir. Ərazisi əsasən dağlıq olmaqla, şimal-şərq kənarı Samur-Dəvəçi ovalığına çatır. Quba rayonu Respublikamızın ən çox meşə təsərrüfatına malik olan rayonlarından biridir. Cəlbedici təbiəti, ürəkaçan mənzərələri və qonaqpərvər camaatı sayəsində bu region dünyaya səs salıb.

QHT.az xəbər verir ki, “Mühit” Ekoloji Mühafizə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “COP29 Yaşıl gələcək naminə meşələri qoruyaq” layihəsinin fəaliyyət proqramına uyğun olaraq, iyul ayının 1 və 2-də Quba rayonunun Qımılqazma və Qəçrəş kəndlərində tədbir keçirmişdir.

Birliyin sədri Əzizağa Hünbətəliyev Quba rayonunun 53 min hektardan çox meşə fonduna malik olduğunu, üstəlik 115 min hektara yaxın meşə fondu olan Şahdağ Milli Parkının da əsas hissəsinin regionun ərazisinə düşdüyünü açıqlayaraq, flora və faunası baxımından zəngin olan bu yerlərin fərqli xüsusiyyətlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Əzizağa Hünbətəliyev ötən il Bakı şəhərində keçirilmiş COP29-un gündəliyi və dünya ekologiyası üçün bu nəhəng konfransın müsbət perspektivlərini qeyd etdi.

Fövqaladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin Maarifləndirmə Sektorunun baş məsləhətçisi Nair Dəmirov əhali arasında ekoloji maarifçilik fəaliyyətinin aparılmasının əhəmiyyətini, bu məqsədlə mütəmadi olaraq iş aparılmasının vacib olduğunu diqqətə çatdırdı.

Quba rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru Adgözəl Adgözəlov Quba rayonunun turizm zonası olduğundan, təbiət qoynunda istirahətə gələn insanların sayının çox olduğunu, baş verə biləcək hər hansı ekoloji qanun pozuntusunun qarşısını almaq üçün turizm obyektlərinə mütəmadi reydlər aparıldığını qeyd etdi.

Qəçrəş kənd İcra Nümayəndəsi Ələkbər İsmayılov və Qəçrəş bələdiyyə sədri Faiq Mirzəliyev meşələrin qorunması və baş verə biləcək yanğın təhlükəsi ilə bağlı kənd camaatı ilə fərdi şəkildə iş aparıldığını qeyd etdilər. Qəçrəş kənd ağsaqqalı Yavər Mərdiyev meşələrin mühafizə olunmasının həyati vacibliyini bildirdi. Layihənin ekspert hüquqşünası Aydın Kərimov meşələrin qanunsuz istismarı zamanı Cinayət və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini izah etdi. COP29 tədbirinin ölkəmizdə keçirilməsinin əhəmiyyətini vurğulayan ekspert dövlətimizin üzərinə götürdüyü ekoloji öhdəlikləri iştirakçıların diqqətinə çatdırdı. Sonda tədbir iştirakçıları Qəçrəş və Qımılqazma kəndlərinə məxsus meşə ərazilərinin hər birində iki ədəd xəbərdaredici lövhə bərkitdilər.