“Tarixdən İncəsənətə: Heykəltəraşlığın Sirləri” adlı təlim və sərgi keçirilib - FOTOLAR

“Çıraqqala” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində, Qədim Şabran şəhərinin açıq səma altında yerləşən hissəsində “Tarixdən İncəsənətə: Heykəltəraşlığın Sirləri” adlı təlim və sərgi keçirilib.

QHT.az xəbər verir ki, tədbir çərçivəsində iştirakçılar üçün daş yonma sənəti və heykəltəraşlığa dair interaktiv ustad dərsləri təşkil olunub, “Çıraqqala” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələri, suvenirlər, qoruğa dair nəşrlər və tanınmış heykəltəraş, bərpaçı rəssam Vüqar Quliyevin hazırladığı sənət əsərlərindən ibarət sərgi nümayiş etdirilib. Tədbirdə “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri də iştirak ediblər.

Qeyd edək ki, bu təşəbbüsün əsas məqsədi bölgənin zəngin sənətkarlıq irsini gənc nəslə tanıtmaq, xüsusilə də könüllüləri qədim sənət növləri ilə yaxından tanış etmək və bu sahəyə maraq oyatmaqdır.