Azərbaycanın Milli Qəhrəmanı - polkovnik-leytenant Asif Məhərrəmovun doğum günüdür

Azərbaycanın Milli Qəhrəmanı - "Fred Asif" ləqəbli polkovnik-leytenant Asif Məhərrəmovun doğum günüdür.

QHT.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı olan Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. 1991-ci ilin 15 noyabrında "Haqq Cəbhəsi" batalyonunu yaradan Asif Məhərrəmov 1992-ci ilin mart ayının 7-də 859 saylı hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilib. 10 mart 1992-ci ildə məhz onun köməyi nəticəsində Aranzəmin, Pircamal, Dəhraz kəndləri düşməndən azad edilib. 1992-ci il martın 20-də öz dəstəsi ilə kömək məqsədi ilə Füzuli şəhərinə gedib və erməni quldurlarını böyük itkilərə məruz qoyub. 24 iyun 1992-ci ildə Naxçıvanik yolunda ağır yaralanıb və bir müddət müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdıb. 1993-cü il oktyabrın 27-də Fred Asif səhhətinin ağırlaşması səbəbilə hərbi hissəni təhvil verərək müalicəsini davam etdirmək məcburiyyətində qalıb. 1994-cü ildə bu məqsədlə Yaltaya gedən polkovnik-leytenant Asif Məhərrəmov həmin il iyulun 1-də şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli Fərmanı ilə Məhərrəmov Asif Yusif oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Ruhu şad olsun!