Azərbaycan qüdrətli və  dünyada tanınan güclü ordusu ilə fəxr edə bilər!

Günü - gündən qüdrətlənən, istər hərbi, istərsədə iqtisadi potensialını durmadan artıran, müstəqilliyi əbədi, dönməz olan Azərbaycan dövləti regionda dayanıqlı sülhün, sabitliyin bərqərar olması və qorunmasının təminatçısına çevrilmişdir.  Xalq Cümhuriyyəti dövründə milli ordu quruculuğunun ilk addımlarını atan Şərqin ilk demokratik respublikası olan Azərbaycan,  XX əsrin sonlarında müstəqilliyini yenidən qazanaraq respublikamızın ordu quruculuğunda yeni mərhələyə qədəm qoydu.
 

Heç də təsadüfi deyil ki, hərb tariximizin şərəfli səhifəsi olan 26 iyun 1918-ci ildə  Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım oldu. Yeni yaradılan Əlahiddə Azərbaycan Korpusu Cümhuriyyət Ordusunun hüquqi bazasını təşkil etdi və Ümummilli Liderimiz varislik prinsipini əsas götürərək 26 iyun tarixini müasir Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günü kimi elan etdi.
 

Çox əfsuslar olsun ki, 28 aprel 1920-ci ildə Sovet imperiyasının  təcavüzü nəticəsində Xalq Cümhuriyyəti süqut etdi. Buda  ölkəmizdə ordu quruculuğu prosesini tamamilə dayandırdı. Milli Ordu quruculuğunda əsaslı dönüş mən deyərdim ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən və onun müstəsna xidmətləri sayəsində ölkəmizdə milli hərbi kadrların hazırlanması prosesindən sonra başlanıldı. Məhz 1971-ci ildə Ulu öndər Heydər Əliyev böyük zəhmətlər bahasına Azərbaycanda  görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan,  milli hərbi kadrlar hazırlayan məktəbin –hərbi liseyin yaradılmasına nail olmaqla bərabər, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxumasına, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasınada nail olmuşdur.
 

1993-cü ilin yayında xalqın tələbi ilə yenidən hakimiyyətə gətirilən Ümummilli Lider Heydər Əliyevin növbəti dəfə siyasi hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı.
Ümummilli Lider, Ulu Öndər  Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

 

1999-cu il yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır.  Bu günlərim Ümummilli Lider Heydər Əliyevin qoyduğu siyasi kurs ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ümumiyyətlə ordu quruculuğu dövlətin prioritet məsələsi kimi daim ölkə Prezidenti cənab İlham Əliyevin nəzarətində saxlanılmaqddır.  
 

   Ermənistanın otuz ilə yaxın bir müddətdə ərazilərimizi işğala məruz qoyması, Azərbaycanın ərazi bütövlüyünün pozulması və   Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Məhz Qəhrəman hərbçilərimizin rəşadəti, şücaəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Uzun illərdir işğal altında olan Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və həmin rayonların 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edildi. Əlbəttə ki, düşmənin kapitulyasiyası güclü ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi.
Hərb tariximizin şanlı səhifəsi sayılan bu gün, 107-cı ildönümünü böyük qürur hissi ilə qeyd etdiyimiz Azərbaycan Ordusunda vahid komandanlığın təmin edilməsi, nizami ordu quruculuğu prosesinin prioritet məsələ elan olunması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımların nəticəsidir.

 

Dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların xidməti-məişət şəraitinin, maddi rifah halının, mənzil məsələlərinin yaxşılaşdırılması və sosial qayğılarının həlli istiqamətində görülən işlərin davam etdirilməsi hərbi xidmətə marağın artmasına səbəb olmuşdur.
Xankəndi şəhərində Zəfər meydanında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hərbi parad qəbul etməklə, Milli bayramlarımızdan biri olan Novruz günlərində Novruz tonqalını Şuşada alovlandırmaqla Xalq, Dövlət, Ordu birliyinin təcəssümü olan Böyük Qələbəni təsdiqlədi.

 

Hal hazırda abadlıq, bərpa və quruculuq işləri gedən işğaldan azad olunmuş ərazilərimizdə Vətənin müdafiəsində ayıq-sayıq dayanan Azərbaycan Ordusu görülən bu işlərin ən yüksək səviyyədə həyata keçirilməsinə və Böyük Qayıdışa layiqli töhfələr verir.
 

 Məndə öz növbəmdə, yarandığı vaxtdan bu günə kimi öz fəaliyyətini gənclərin vətənpərvər ruhda böyüməsi, vətənpərvərlik hisslərinin daha da aşılanmasında və bu ruhda tərbiyə olunmasını ana xətti olaraq tutan Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyinin (VMGİB) rəhbəri və ərazi bütövlüyümüzün qorunmasında, işğal altında olan torpaqlarımızın azad olunmasında 1 və 2- ci Qarabağ Vətən müharibəsində iştirak etmiş  bir veteran döyüşçünün qızı, eləcə də gənclik ordusunun fəalı olaraq fürsətdən istifadə edib, Vətənimizin ərazi bötövlüyü, müstəqilliyi, suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsini hər zaman olduğu kimi Silahlı Qüvvələr Günü ərəfəsində də dərin hörmət və ehtiramla anırıq.
 

Şəhid hərbi qulluqçularımızın valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən hərbiçilərimizi, əziz veteranları bu Şərəfli bayram münasibətilə ürəkdən təbrik edir, onlara ən xoş günlər arzulayıram.

Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyinin (VMGİB) prezidenti Aysunay Həsənova