QHT nümayəndəsi iqlim dəyişikliyi üzrə beynəlxalq tədbirdə məruzəçi olarak çıxış etdi - FOTOLAR

QHT.az xəbər verir ki, Fransa və Polşanın "Quota Climat" və "Data for Good" təşkilatları tərəfindən təşkil olunmuş "İqlim dəyişikliyi ilə bağlı məlumat dəqiqliyinin təşviqi: Paris razılaşması üçün mühüm mərhələ" adlı yan tədbirdə Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli məruzəçi olaraq çıxış edib.

Tədbirin məqsədi, iqlim dəyişikliyi ilə bağlı məlumatların dezinformasiyasının yayılması və formaları haqqında məlumatlılığı artırmaq, bu məlumatların bütövlüyünü təşviq etmək və dezinformasiya təhlükəsindən qorumaq üçün qlobal öhdəlikləri işə salmaq idi. "Quota Climat"-ın baş katibi Eva Morelin və "Data for Good"-un baş katibi Sherri Aldisin moderatorluğu ilə keçirilən iki paneldə müxtəlif beynəlxalq nümayəndələr də məruzəçi olaraq çıxış ediblər. Bunlar arasında Fransa prezidentinin enerji, ətraf mühit, nəqliyyat və kənd təsərrüfatı məsələləri üzrə müşaviri Benoit Faraco, Braziliya Respublikası Prezidentinin Rəqəmsal Siyasətlər katibi Joao Brant, Polşa hökumətinin nümayəndə heyətinin rəhbəri Katarzyna Wrona da mövzulara toxunublar.

Nədimə Rəhimli çıxışında, xüsusən COP29 dövründə Azərbaycana qarşı məqsədli şəkildə yayılan dezinformasiya xəbərlərini diqqətə çatdıraraq, bununla mübarizədə COP29 prezidentliyinin operativ məlumatlandırmalarını və bu istiqamətdə həyata keçirilən addımları iştirakçılara təqdim edib. Rəhimli, həmçinin iqlim dəyişikliyi ilə bağlı məlumatların düzgün və etibarlı paylaşılmasının vacibliyini vurğulayıb.

 

Pərvanə Fərhadqızı