QHT sədri iqlim dəyişikliyinin təhlükələri haqqında AÇIQLAMA verib

Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a verdiyi açıqlamada, qlobal iqlim dəyişikliyinin bütün dünyada narahatlıq doğurduğunu və Azərbaycanın da bu dəyişikliklərin təsirindən kənarda qalmadığını bildirib.

QHT sədri Azərbaycanın təbii resurslarla zəngin bir ölkə olduğunu vurğulayaraq, bu resursların səmərəli idarə edilməsinin iqtisadiyyat və ətraf mühitin davamlı inkişafı üçün vacib olduğunu qeyd edib:

"Ölkədə su, meşə, torpaq, mineral xammal və digər təbii sərvətlər mövcuddur. Bu resursların idarə edilməsi dövlət tərəfindən tənzimlənir və müvafiq qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Milli Məclisi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını 1995-ci ildə ratifikasiya etmişdir. Ölkəmiz, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Əlavə 1 qrupuna daxil olmayan tam hüquqlu tərəf kimi, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası qarşısında istilik effekti yaradan qaz tullantılarının kadastrının hazırlanması, müntəzəm olaraq yenilənməsi, milli məlumatların hazırlanması kimi öhdəliklər götürmüş və bu öhdəliklər sistemli şəkildə yerinə yetirilmişdir. Azərbaycan Respublikası, Konvensiyanın Kioto Protokolunu 2000-ci ildə təsdiq etmişdir. Kioto Protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilmiş Doha əlavəsi, 14 aprel 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilmiş və ölkə prezidenti tərəfindən imzalanmışdır. Bunu da qeyd edim ki, qlobal istiləşmə nəticəsində çayların suyu azalır, bu da kənd təsərrüfatına ciddi zərər vurur".

Ardı var...

 

Pərvanə Fərhadqızı