QHT sədrinin qohum nikahları ilə bağlı AÇIQLAMASI
"Kür-Xəzər" Xeyriyyə İctimai Birliyinin sədri, cərrah Akif Kərimov qohum nikahlarının ciddi fəsadlara yol açdığı barədə QHT.az-a açıqlama verib.
QHT sədri bildirib ki, qohum nikahlarının çox böyük fəsadları vardır və bu, xüsusilə şizofreniya və iflic kimi ağır xəstəliklərin yaranmasına səbəb ola bilər:
"Qohum nikahları nəticəsində ətrafda ifliclər və anomaliyalar meydana gəlir, digər böyük fəsadlar da ola bilər. Cinsi fəsadlar, yəni cinsiyyət orqanlarında patologiyaların yaranması, ümumiyyətlə bəzi dövlətlərdə qohum olan, eyni familiyaya sahib adamların evlənməsi qadağan edilir. Çünki onların fəsadları xromosomaların bir-birinə uyğunsuzluğu ilə bağlıdır. Ümumiyyətlə, belə bir evlənmədən əvvəl hər iki tərəf, həm oğlan, həm də qız mütləq yoxlanışdan keçməlidir. Yalnız yoxlanışdan sonra bu nikah təsdiq olunmalıdır. Qohum nikahlarının nəticələrindən biri beş barmaqdan altı barmaqlı ayaq və əl, ağız nahiyəsində dovşandodaqlıq, hidrosefaliya kimi fəsadlardır. Bununla yanaşı, bu xəstəliklərin sayı çoxdur və onları saymaqla bitmir. Qohumlar arasında evlənmək məsləhət görülmür, çünki bu, cəmiyyətimizə və dövlətimizə zərər verə bilər. Bu patologiya ilə doğulan uşaqların böyük yaşa qədər müalicəsi ciddi çətinliklər yaradır".
Cərrah Akif Kərimov həmçinin bir çox xalqların bu cür evliliklərdən çəkinməsi lazım olduğunu söyləyib:
"Yəhudilər əmioğlu, əmiqızı, dayıoğlu, dayıqızı ilə ailə qururlar, kürdlər də elədir. Maddi imkanların qorunması məqsədilə belə evliliklər baş tutur. Türklər isə buna az üstünlük verirlər. Azərbaycanda isə hələ də buna üstünlük verilir. Mən buna mənfi baxıram, çünki qohum nikahları sağlamlıq problemlərinə səbəb ola bilər. Mən onları bacı-qardaş kimi görürəm. Bu, belə olmamalıdır. Qazaxlar isə heç vaxt qohumları ilə ailə qurmazlar."
Pərvanə Fərhadqızı
QHT.az