Türk Dövlətləri Təşkilatında Azərbaycanın liderlik ROLU

“Mayın 21-də Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışı Türk dünyasının birliyinə verdiyi önəmi və Azərbaycanın bölgədə artan strateji əhəmiyyətini bir daha nümayiş etdirir”.

QHT.az "Cebheinfo.az"-ya istindən  xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan üçün əhəmiyyəti və vacibliyi ilə fərqlənən beynəlxalq platformalardan biri də məhz Türk Dövlətləri Təşkilatıdır: 

“Bu təşkilat ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərə əsaslanan inteqrasiya prosesini təşviq etməklə yanaşı, Azərbaycanın regional və beynəlxalq siyasətində mühüm yer tutur.

Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq ölkəmizin iqtisadi, siyasi, enerji və nəqliyyat layihələrini daha geniş coğrafiyaya çıxarmaqla, Azərbaycanın strateji mövqeyini gücləndirir”.

Parlamentari xatırladıb ki, keçən il Azərbaycanın təşəbbüsü ilə TDT Dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə görüşü Şuşada keçirilib:

“Dövlət başçımız çıxışında bu il isə ölkəmizin TDT-nin Zirvə görüşünə ev sahibliyi edəcəyini bəyan etdi və tədbir iştirakçılarını həmin toplantıda iştirak etmək üçün Azərbaycana dəvət edib.

Azərbaycanın, ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymasını bildirən dövlətimizin başçısı ölkəmizin bu təşkilatın ən fəal üzvü olduğunu bir daha təsdiqləyib. Qeyd edilib ki, bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması da nəzərdə tutulur”.

S.Salmanova qeyd edib ki, dövlət başçısı İlham Əliyev Zirvə görüşündə həmçinin COP29-un uğurla keçirilməsindən də bəhs edib: 

“Cənab Prezident çıxışında Azərbaycanın qlobal iqlim gündəmində oynadığı rolu diqqətə çatdırdı. 197 ölkədən 77 min nümayəndənin iştirak etdiyi bu mötəbər tədbir “Bakı sıçrayışı” kimi tarixə düşərək Qlobal Şimal ilə Qlobal Cənub arasında körpü rolunu oynadı. İqlim maliyyəsi və karbon bazarları üzrə əldə olunan konsensus isə Azərbaycanın beynəlxalq liderliyini daha da möhkəmləndirib”.

Deputat bildirib ki, dövlət başçılarının Budapeştdə keçirilmiş qeyri-rəsmi Zirvə görüşünün sonunda imzalanan Bəyannamə Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirən mühüm sənəddir: 

“Sənəddə dövlət başçıları Türk dünyasının regionda və onun hüdudlarından kənarda artan rolunu təqdir ediblər. Xüsusilə, “Türk Dünyası Xartiyası” üzv ölkələr tərəfindən ortaq mədəniyyətin, adət-ənənələrin, dilin və tarixin ifadəsi, habelə ortaq türk kimliyinin möhkəmləndirilməsi üçün vahid çərçivə kimi qəbul edilib.

Bu sənədlər TDT-nin inteqrasiyasını daha da sürətləndirərək türk dövlətlərinin beynəlxalq siyasi sistemdəki mövqelərini gücləndirəcək”.

"Cebheinfo.az"