Aygün Əliyeva: Hər iki ölkənin QHT-ləri qrant müsabiqəsində iştirak edəcəklər - VİDEO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Agentliyinin icraçı direktoru Aygün Əliyeva Özbəkistanın paytaxtı Daşkənd şəhərində səfərədir.

Səfər zamanı Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Milli Assosiasiyasında görüş keçirilib.

Tədbirdə Azərbaycan və Özbəkistan QHT-lərinin əməkdaşlığının genişləndirilməsi və yeni qrant proqramlarının maliyyələşdirilməsi müzakirə olunub.

QHT.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi  Özbəkistan Respublikası Ali Məclisi nəzdindəki Vətəndaş Cəmiyyəti İnstitutlarını Dəstəkləmə İctimai Fondunun vəsaitlərinin idarə olunması üzrə Parlament Komissiyası nümayəndələri arasında Əlavə Saziş imzalanıb.

Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, son illər Azərbaycan və Özbəkistan arasında sosial-iqtisadi və ictimai həyatın bütün sahələrində uğurla yaxınlaşma gedir:

"Ölkə prezidentləri — cənab İlham Əliyev və cənab Şövkət Mirziyoyev timsalında biz bu dinamikanı hər gün hiss edirik. Və bu fonda QHT-lərin bir-biri ilə əlaqələrinin genişlənməsi çox önəmlidir. Artıq ötən ildən başlayaraq Azərbaycan tərəfi ilk dəfə Azərbaycan-Özbəkistan QHT-lərinin birinci forumunu həyata keçirdi. Bu forum Füzulidə, Özbəkistanın Azərbaycana hədiyyə etdiyi məktəbdə simvolik olaraq keçirildi. Daha sonra isə bunun davamı olaraq Özbəkistan tərəfdən Azərbaycan-Özbəkistan QHT-lərinin ikinci forumu həyata keçirildi.

Bundan başqa, bir neçə Özbəkistan-Azərbaycan QHT-ləri arasında qarşılıqlı anlaşma memorandumları var və onlar da bu sahələrdə fəaliyyət göstərirlər. Bu gün isə bu yaxınlaşmanın növbəti addımını atdıq. Belə ki, artıq hər iki ölkənin QHT-ləri üçün qrant müsabiqəsinin keçirilməsi ilə bağlı müqaviləyə əlavə razılaşma əldə olunub.

Bu razılaşmaya görə, həm Özbəkistan, həm də Azərbaycan QHT-lərinin ekologiya və sağlamlıq mövzularında qrant layihələri bu ildən başlayaraq qəbul olunacaq. Əlavə reqlamentlə şərtləri qısa zamanda müəyyənləşdirəcəyik və ictimaiyyətə açıqlayacağıq. Əminəm ki, hər iki ölkənin QHT-ləri qrant müsabiqəsində iştirak edəcəklər."