Alimlərin beynəlxalq reytinqinin artırılması mövzusunda maarifləndirici sessiya keçirilib - FOTOLAR

Ədliyyə Nazirliyinin elmi fəaliyyətlə məşğul olan əməkdaşlarına alimlərin beynəlxalq reytinqinin yüksəldilməsi mövzusunda maarifləndirmə sessiyası təşkil olunub.

QHT.az xəbər verir ki, İnstitut Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Alimlərin beynəlxalq reytinqinin yüksəldilməsi və elmi platformalarda qeydiyyatı” mövzusunda təqdimat təşkil edib. Təqdimat İnformasiya texnologiyaları şöbəsinin müdiri Tural Hüseynov tərəfindən aparılıb.

Sessiya elmi fəaliyyətlə məşğul olan tədqiqatçıların müxtəlif elmi platformalarda, reytinq sıralarında, akademik yüksəlişlərində irəli getmələrinə yardım etmək məqsədilə həyata keçirilib. T.Hüseynov Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşlarına ənənəvi elmmetrik göstəricilərdən ən çox populyar olan "Scopus", "Web of Science" və “Google Scholar” bazasında məqalələrin yerləşdirilməsindən bəhs edərək, elmi araşdırmaların qiymətləndirilməsi, paylaşılması və ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Təqdimat maraqla dinlənilib, sual doğuran məqamlar izah olunub və fikir mübadiləsi aparılıb.

Məlumat sessiyasından Məhkəmə Ekspertizası Mərkəzinin 27 əməkdaşı yararlanıb.