Demokratik Jurnalistlər Liqası yeni layihə həyata keçirir

Azərbaycan Demokratik Jurnalistlər Liqası İctimai Birliyinin "Azərbaycan multikulturalizmi modeli örnəkdir - teledebatlar" mövzusunda layihəsi başlayır.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Jurnalistlər Liqası İctimai Birliyi “Azərbaycan multikulturalizmi modeli örnəkdir - teledebatlar” mövzusunda layihənin icrasına başlayır.  Layihə çərçivəsində dövlətin əsas istiqamətlərindən biri olan multikulturalizm siyasətinin təşviq edilməsi məqsədilə silsilə televiziya müzakirələrinin hazırlanması nəzərdə tutulur.

Azərbaycanın tarixi ərazilərində əsrlər boyu məskunlaşan müxtəlif milli və dini icmaların fəaliyyətləri müddətində heç vaxt dini və milli zəmində münaqişə baş verməyib. Dünyada tayı-bərabəri olmayan bu multikultural durumun təşviq edilməsinə xidmət edən televiziya müzakirələrinin internet televiziyasının studiyasında hazırlanaraq canlı yayımlanması və YouTube-da, digər sosial şəbəkələrdə yerləşdirilməsi layihənin əsas məqsədidir.

Ölkəmizdə yüzillər boyu sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşayan milli və dini icmaların fəaliyyəti, onlara dövlət qayğısı və bu sahədə yürüdülən dövlət siyasəti barədə layihə çərçivəsində rəsmi qurum nümayəndələri və peşəkar mütəxəssislər tərəfindən ətraflı müzakirələr aparılaraq müxtəlif televiziya proqramları hazırlanacaq və sosial mediada yayımlanacaq. Bu teledebatlar daim internet məkanında qalaraq izləniləcək və layihə mövzusunun hər zaman əlçatan olmasını təmin edəcəkdir.

Eyni zamanda, Facebook sosial şəbəkəsində ötən layihələrdən fəaliyyət göstərən “Dövlətimizi qoruyaq və təbliğ edək” səhifəsində mövzu ilə bağlı müzakirələr təşkil ediləcək.