DİN insan alveri qurbanlarına dəstək üçün 60 min manata yaxın vəsait ayırıb
Milli Məclisdə insan alveri ilə mübarizə sahəsində əldə olunan nəticələr açıqlanıb
Mayın 16-da Milli Məclisin yaz sessiyasında keçirilən plenar iclasda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ilə dair illik məlumatı dinlənilib.
QHT.az xəbər verir ki, daxili işlər nazirinin birinci müavini, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru Seyfulla Əzimov 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim edib.
Daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov bildirib ki, ötən il bu sahədə dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlarla birgə çoxsaylı tədbirlər həyata keçirilib, normativ-hüquqi baza və institusional mexanizmlər təkmilləşdirilib.
Qeyd olunub ki, insan alverinə qarşı mübarizədə iştirak edən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının maliyyə təminatının artırılması məqsədilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilmiş qrant müsabiqəsi çərçivəsində 10 müvafiq təşkilata 140.500 manat vəsait ayrılıb. Eyni zamanda, insan alveri cinayətlərinin qurbanı olmuş şəxslərin sosial reabilitasiyası, sığınacaqda saxlanılması və onlara birdəfəlik müavinətlərin verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən 60.000 manata yaxın maliyyə dəstəyi göstərilib.