Elşad Məmmədov: "Effektiv istilik təchizatı üçün planlı yanaşma vacibdir"
İstilik təchizatı və kommunal təsərrüfat sahəsində idarəetmənin daha səmərəli həyata keçirilməsi üçün planlı və sistemli yanaşmaların tətbiqi vacibdir.
Bu barədə İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında bildirib. Professor Elşad Məmmədov qeyd edib ki, sözügedən sahələrə yönəldiləcək investisiyaların həcmi və həyata keçirilmə müddəti öncədən dəqiq müəyyənləşdirilməlidir:
“Hesab edirəm ki, istilik təchizatı və ümumiyyətlə kommunal təsərrüfatla bağlı idarəetmə prosesində effektivliyin artırılması üçün ilk növbədə müvafiq planlaşdırmaya əsaslanan yanaşmaların həyata keçirilməsi zəruridir. Bu sahələrə nə qədər investisiya tələb olunduğu və bu investisiyaların hansı müddətdə reallaşdırılmalı olduğu öncədən müəyyənləşdirilməlidir.”
Ekspertin sözlərinə görə, bu sahədə dövlət və özəl sektor arasında dayanıqlı əməkdaşlıq mexanizminin qurulması olduqca əhəmiyyətlidir. O vurğulayıb ki, strategiyanın müəyyən olunması dövlətin vəzifəsidirsə, onun icrasında özəl sektorun çevik və operativ imkanlarından istifadə edilməlidir.
“Lakin bu proseslərin icrası, xüsusilə təchizat və enerji ilə bağlı istilik sistemlərinin tətbiqi və reallaşdırılması sahəsində özəl sektorun da rolu mühüm olmalıdır. Çünki özəl sektor bir çox hallarda daha çevik, daha operativ fəaliyyət göstərir və qərarların qəbulu prosesində üstünlüyə malikdir,” – deyə professor əlavə edib.
Sonda Elşad Məmmədov qeyd edib ki, dövlətin sifarişi və planlaşdırılmış strategiyası əsasında özəl sektorun bu proseslərdə aktiv iştirakı kommunal təsərrüfatın və istilik təchizatının ümumi inkişafına müsbət təsir göstərə bilər.
Pərvanə Fərhadqızı
QHT.az