Zenfira Mustafayeva: “Dəyərlərə söykənən ailələrin təbliği maarifləndirmədə əsas prinsip olmalıdır”

15 may- Beynəlxalq Ailə Günü münasibətilə “Qadın Təşəbbüsü və Sosial Problemlərinin Həllinə Yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva QHT.az-a açıqlamasında ailə institutunun cəmiyyət üçün önəmini vurğulayıb:

"Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən qeyd olunur. Azərbaycan isə 2008-ci ildən bu ənənəyə qoşulub. Respublikamızda Ailə bayramının qeyd olunması dövlət qadın siyasətinin əyani təcəssümüdür. Ailə dəyərlərinin qorunub saxlanaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə səbrin, sülhün, dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği məqsədilə hər il yüzlərlə QHT layihəsi Agentlik tərəfindən maliyyələşdirilir. Məqsəd regionlarda, eləcə də iri şəhərlərimizdə gənclərin ailə dəyərləri ilə bağlı maarifləndirilməsi, möhkəm, sevgi və hörmət hissi ilə dolu ailələr quraraq onları qoruya bilmələridir."

QHT sədri həmçinin vurğulayıb ki, gənclərin uzunömürlü cütlüklərlə görüşləri təşkil olunmalı, onların həyat hekayələri dinlənilərək örnək götürülməlidir. Bu istiqamətdə hazırlanacaq televiziya verilişlərinin aktuallığı da nəzərə alınmalıdır:

"Gənc oğlan və qızlarımızın, yeni ailə qurmuş cavan ailələrin uzunömürlü cütlüklərlə görüşləri təşkil olunmalı, onların həyat hekayələri dinlənilməli və onlardan örnək götürülməlidir. Agentlik tərəfindən maliyyələşdirilən layihələr çərçivəsində bu mövzuda televiziya verilişlərinin hazırlanması da aktuallıq kəsb edir. Əxlaqi normalardan uzaq olan, dəyərlərə zidd həyat tərzi ilə seçilən ailələri deyil, əksinə, dəyərlərə söykənən, sədaqətli və uğurlu ailələri təbliğ etmək zəruridir. Yaxşı olar ki, maarifləndirici fəaliyyətlə məşğul olan şəxslər özləri də möhkəm və uğurlu ailə həyatı yaşayan və ya yaşamış şəxslər olsunlar. Eyni zamanda, düzgün seçilmiş hədəf auditoriyası bu fəaliyyətlərin effektivliyini daha da artıracaqdır. Ailə Gününüz mübarək olsun!"

 

Pərvanə Fərhadqızı

QHT.az