"Dadlı yeməklər çoxdur, sağlamlıq təkdir!" – QHT sədri ilə MÜSAHİBƏ
Uşaqların və yeniyetmələrin sağlamlığı bu gün cəmiyyətin əsas qayğılarından biridir. Xüsusilə məktəbli yaş dövründə düzgün qidalanma gələcək həyat keyfiyyətinə, inkişafına və sağlam həyat tərzinə birbaşa təsir edir. Təəssüf ki, bu gün məktəblilər arasında fast-fud və digər zərərli qida məhsullarına maraq getdikcə artır. Bu isə bir çox sağlamlıq problemlərinə yol açır. Mövzu ilə bağlı "Ailələrə Sosial Dəstək" İctimai Birliyinin sədri Esmira Rəhimovadan müsahibə aldıq.
QHT.az: Esmira xanım, məktəblilər arasında tez hazırlanan qidalara meyl nədən yaranır, bu hansı fəsadlara səbəb ola bilər? Şagirdlər arasında qazlı içkilərin istifadəsi də geniş yayılıb. Bu barədə nə deyə bilərsiniz?
Esmira Rəhimova: Əziz məktəbli dostlar! Bilin ki, sağlam və uzun ömür yaşamaq istəyirsinizsə, fast-fud yeməklərindən və zərərli qidalardan uzaq olun. Dadlı yeməklər çoxdur, amma sağlamlıq təkdir! Təəssüf ki, bu gün məktəb yeməkxanalarında sizə təqdim olunan qamburger, dönər, şaurma, ponçik kimi əlüstü yeməklər təkrar yağlarda qızardılır. Bu cür yeməklərin tez-tez istifadəsi qarında ağrılar, həzm pozuntusu, qəbzlik və ya ishal kimi hallara səbəb ola bilər. Bu qidalar tədricən orqanizmə ziyan vurur. İlk növbədə artıq çəkiyə və piylənməyə səbəb olur, mədə-bağırsaq, ürək-damar və beyin-damar sistemlərini zədələyir. Qaraciyər və böyrəklərdə toksiki zədələnmələr, həmçinin şəkərli diabet kimi ciddi problemlər yaranır.
Qazlı şirin sular xüsusilə təhlükəlidir. Onların yeməklə birlikdə qəbulu qidanın mədədə qalma müddətini 4-5 saatdan 20 dəqiqəyə endirir. Bu zaman tez aclıq hissi yaranır, həzm prosesi pozulur və bağırsaqlarda çürümə baş verir. Eyni zamanda bu içkilər dişlərdə karies, şəkərli diabet və sinir sistemi xəstəliklərinin – o cümlədən Parkinson xəstəliyinin – inkişafına səbəb ola bilər. Fri-kartofu və kartof çipsləri yüksək miqdarda zərərli yağlar və duzla zəngindir. Həftədə sadəcə 1-2 paket yeyildikdə, dərs ilinin sonunda bədən çəkisi 3-4 kiloqram arta bilər. Bu, uşaqların gələcək sağlamlığı üçün təhlükəlidir. Kolbasa və sosiska məmulatlarının tərkibində təkcə ət deyil, həm də iç piyləri və transgen soya olur. Bunlar geni dəyişdirilmiş xammaldan hazırlanır. Mayonez, ketçup, şokolad batonları, jelebonlar, “çupa-çups” kimi məhsullar da yüksək şəkər tərkibinə görə şəkərli diabet və allergik reaksiyalara, mədə, böyrək və mədəaltı vəz xəstəliklərinə yol açır. Tərkibində E621, E951, E211, E133, E213 və E151 olan məhsullardan xüsusilə uzaq durmaq lazımdır. Duz “ağ ölüm” adlandırılır. Gün ərzində 1 çay qaşığından çox duz qəbulu qan təzyiqinin artmasına, ürəyin böyüməsinə, həmçinin ürək və beyin xəstəliklərinə səbəb ola bilər. Bu, uzunmüddətli təhlükədir və hər yaşda özünü göstərə bilər.
QHT.az: Məktəblilərə nə tövsiyə edərdiniz?
Esmira Rəhimova: Məktəblilərə demək istərdim ki, müasir dövrdə görünüşü və ətri ilə cəlbedici görünən yeməklər sizə cazibədar gələ bilər, amma onların əksəriyyəti orqanizminiz üçün çox zərərlidir. Sevdiyiniz, dadlı hesab etdiyiniz bu qidalar bəzən sizin sağlamlığınızı təhlükəyə ata bilər. Biz sizə sağlamlığınız üçün vacib olan bütün bu məlumatları təqdim etdik. Qalır sadəcə sizdən əməl etməyiniz!
QHT.az: Təşəkkür edirik, Esmira xanım. Müsahibəyə görə minnətdarıq.
Esmira Rəhimova: Mən təşəkkür edirəm ki, bu mövzuya diqqət ayırdınız. Çünki uşaqların və yeniyetmələrin sağlam böyüməsi, onların düzgün qidalanma vərdişləri qazanması gələcəyimizin əsasını təşkil edir. Valideynlər, müəllimlər və cəmiyyət olaraq biz hamımız bu sahədə üzərimizə düşəni etməliyik. QHT.az-a uğurlar arzulayıram və hər bir məktəbli dostumuza sağlam, enerjili və uğurlu gələcək diləyirəm.
Pərvanə Fərhadqızı
QHT.az