QHT Qəbələ rayonunda bələdiyyələrin fəaliyyətini təkmilləşdirəcək – FOTOLAR
QHT Qəbələ rayonunda tarixi-mədəniyyət abidələrinin təbliğində bələdiyyələrin fəaliyyətini təkmilləşdirəcək.
QHT.az xəbər verir ki, bu barədə “Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyindən məlumat verilib. Bildirilib ki, adıçəkilən birlik Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə növbəti layihənin icrasına start verib. Bu barədə birliyin sədri Vüqar Tofiqli (Cəfərov) məlumat verib.
“Tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliğində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi” adlanan layihənin əsas məqsədi bələdiyyə ərazisindəki tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliğinin təşkili sahəsində bələdiyyələrin fəaliyyətini daha səmərəli qurmağa nail olmaqdır.
Sədrin sözlərinə görə, layihə çərçivəsində Qəbələ rayonunda yeni seçilmiş bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliği mövzusunda görüşlərin təşkili nəzərdə tutulur. Bu görüşlərdə Mədəniyyət və Ədliyyə nazirliklərinin nümayəndələrinin iştirakı da planlaşdırılır.
Bundan başqa, layihə çərçivəsində Qəbələ rayonunun ərazisində yerləşən tarixi-mədəniyyət abidələri haqqında sosial çarx hazırlanacaq. Sosial çarxda bu abidələrə dair məlumatlar yer alacaq və müasir texnologiyaların imkanlarından istifadə edilərək internet resurslarında və sosial şəbəkələrdə yayımlanacaq. Keçiriləcək görüşlərdə əsasən yeni aşkarlanmış tarixi-mədəniyyət abidələrinin qeydə alınması, mövcud abidələrin bərpası, mühafizəsi və qorunması istiqamətində görüləcək işlər, eləcə də müasir informasiya texnologiyalarından istifadə etməklə bu abidələrin təbliği yolları müzakirə olunacaq.
Sədr ümid etdiyini bildirib ki, layihə çərçivəsində nəzərdə tutulan işlər vaxtında və layiqincə həyata keçiriləcək və bu yolla Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin göstərdiyi etimad doğruldulacaq.