Professor növbəti dəfə Nazirlik yanında İctimai Şuranın sədri seçildi - AÇIQLAMA
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın növbəti tərkibinin ilk iclasında keçirilən səsvermə nəticəsində professor Elşad Məmmədov yenidən Şuranın sədri seçilib.
QHT.az xəbər verir ki, bu, artıq onun üçüncü dəfədir ki, İctimai Şuraya sədr seçilməsidir. Professor Elşad Məmmədov QHT.az-a bildirib ki, sədr seçilməsi ona göstərilən etimadın göstəricisidir:
"Hesab edirəm ki, artıq üçüncü dəfə İctimai Şuraya sədr seçilməyim mənə göstərilən etimadın bir indikatorudur. Belə ki, ictimai sektor nümayəndələri Şuraya seçirlər, sonra isə seçilən namizədlər öz aralarında sədr seçirlər və bütün bu mərhələlər, təbii ki, şəffaf şəkildə və ictimai sektor nümayəndələrinin iradəsinə əsasən həyata keçirilir. Ona görə də bu seçki mərhələlərindən keçərək Şuranın sədri olmaq üçün müvafiq şəkildə ictimaiyyət nümayəndələrinin etimadını qazanmaq lazımdır. Bu etimada görə mənə səs verən və məni seçən hər kəsə təşəkkürümü bildirirəm."
Şura ilə Nazirlik arasında qurulan münasibətlərə toxunan sədr, bu əməkdaşlığı nümunəvi hesab edib:
"O ki qaldı nazirliklə Şura arasındakı kommunikasiyaların, əlaqələrin səviyyəsinə, mənə elə gəlir ki, bu, nümunəvi bir kommunikasiya formatıdır. Belə ki, bu illər ərzində Nazirliklə Şura arasında qarşılıqlı etimada, hörmətə, ictimai maraqların, dövlət maraqlarının və xalqa xidmətin prioritetliyinə əsaslanan bir əməkdaşlıq platforması formalaşıb. Bu platformanı qorumaq və inkişaf etdirmək vacibdir."
Yeni dövrdə həyata keçiriləcək təşəbbüslərlə bağlı danışan Elşad Məmmədov bildirib ki, təkliflər cəmiyyətin çağırış və ehtiyaclarına uyğun olmalıdır. Onun sözlərinə görə, İctimai Şura dövlət və cəmiyyət arasında körpü rolunu daha da gücləndirməlidir:
"O ki qaldı təşəbbüslərə, onlar ictimaiyyətdə, xalqda formalaşan fikirlərə və çağırışlara uyğun olmalıdır. Son nəticədə, Nazirlik, İctimai Şura və hər birimiz xalqın, dövlətin və dövlətçiliyimizin maraqlarına xidmət etməliyik. Təbii ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şura ölkədəki sosial həyatla və sosial məsələlərlə bağlı problemlərin, qəbul edilən qərarların və həyata keçirilən siyasətin işıqlandırılması və formalaşdırılması prosesində aktiv iştirak etməlidir. İctimaiyyətlə aidiyyəti dövlət qurumları arasında körpü rolunu oynamaq, mənim fikrimcə, İctimai Şuramızın əsas missiya və prioritetlərindən olmalıdır."
Qeyd edək ki, Elşad Məmmədov Azərbaycan Texniki Universitetinin professorudur və İctimai Şura ilə nazirlik arasında uzunmüddətli məhsuldar əməkdaşlığın qurulmasında fəal rola malikdir.
Pərvanə Fərhadqızı
QHT.az